Bakı. Trend:
MÜSİAD Azərbaycan Türkiyə və Azərbaycan iş adamları arasında
birbaşa əlaqələrin qurulması üçün səy göstərir.
Trend xəbər verir ki, bunu
TurkicWorld-ə
müsahibəsində MÜSİAD Azərbaycan sədri Rəşad Cabirli deyib.
MÜSİAD Azərbaycan, Türk iş dünyasının inkişafı və Azərbaycanın
iqtisadiyyatının gücləndirilməsi üçün qarşısına bir sıra hədəflər
qoyub.
“Bu hədəflərdən biri də, Türkiyə və Azərbaycan arasında ticarət və
investisiya münasibətlərinin artırılmasına yönəlmiş müxtəlif
layihələr həyata keçirməkdir. Bu, həmçinin yerli bazarda Türk
firmalarının daha da güclənməsinə kömək etməklə yanaşı Azərbaycan
şirkətlərinin Türkiyə iş bazarında da güclənməsinə töhfə verəcək”-
deyə o bildirib.
R.Cabirli onu da bildirib ki, ixracın artırılması: MÜSİAD
Azərbaycan, həmçinin Türk məhsullarının Azərbaycanda daha geniş
yayılması və yerli məhsulların Türk bazarına ixracının artırılması
üçün müxtəlif təşəbbüslər göstərib və bundan sonra da bu
istiqamətdə işlərin aparılmasına davam edəcək.
R.Cabirlinin sözlərinə görə, MÜSİAD Azərbaycan hər zaman innovasiya
və texnoloji inkişafa diqqət yetirirb və bunu əsas prioritet kimi
diqqətdə saxlayıb.
“MÜSİAD Azərbaycan həm Türk, həm də Azərbaycan firmalarının
innovativ layihələrə investisiya qoymasını təşviq edir. Bu sahədə
bir çox texnoloji startap və layihələrin dəstəklənməsi məqsədilə
platformalar qurulub və bunu üçün real imkanlar var”- deyə o
bildirib.
R.Cabirli onu da əlavə edib ki, MÜSİAD Azərbaycan, üzvlərinin
beynəlxalq bazarlarda uğur qazanmaları üçün müxtəlif imkanlar və
dəstəklər təqdim edir.
“MÜSİAD, üzvlərinə Türk iş dünyası və dünya bazarları ilə əlaqələr
qurmağı təmin edərək, beynəlxalq sərgilərə və tədbirlərə qatılmaq
üçün imkanlar yaradır. Bu, həmçinin potensial müştərilərlə və
tərəfdaşlarla birbaşa əlaqələr qurmağa kömək edir”-deyə o qeyd
edib.