...

Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində monitorinq həyata keçirilib

Cəmiyyət Materials 3 Mart 2025 17:18 (UTC +04:00)
Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində monitorinq həyata keçirilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun fəaliyyəti çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə monitorinq həyata keçirilib.

Bu barədə Trend-ə Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu, “Psixiatriya yardımı haqqında”, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları əsasında təşkil olunmuş monitorinqinin məqsədi bu müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin araşdırılması, eyni zamanda, müəssisənin fəaliyyəti ilə yaxından tanışlıq olub.

Cinayət işləri üzrə barəsində həbs qətimkan tədbiri seçilməyən və polis nəzarətində olan, müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin, həmçinin cinayət işləri üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin həmin Mərkəzdə psixiatrik ekspertizaya cəlb edilməsi zamanı qanunvericiliyin tələbləri ilə müəyyən edilmiş hüquqlarının təmini məsələləri öyrənilib.

İşçi qrupun həkim üzvünün də iştirak etdiyi monitorinq zamanı Mərkəzin ambulator və stasionar şöbələrinə, inzibati binasına, komissiya, konvoy və polis post otaqlarına baxış keçirilib.

Monitorinq zamanı kamera tipli palatalarda saxlanılan şəxslərlə konfidensial söhbətlər aparılıb, qidalanma, gəzinti, sovqat qəbulu ilə bağlı müvafiq hüquqların təmini vəziyyəti araşdırılıb.

Yekunda Ombudsman Aparatının hüquqi maarifləndirici nəşrləri Mərkəz rəhbərliyinə təqdim edilib, ölkə qanunvericiliyində və beynəlxalq sənədlərdə əks olunmuş müvafiq tələblər diqqətə çatdırılıb, saxlanma şəraitinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Monitorinq zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə əlaqədar müvafiq quruma müraciət ünvanlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti