Bakı. Trend:
Hesabat dövrü ərzində respublikada vaksinlərlə idarə olunan xəstəliklərdən poliomielit, difteriya, epidemik parotit, göyöskürək, məxmərək xəstəlikləri qeydə alınıb, nadir hallarda tetanus hadisələri aşkar edilib.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Qeyd edilib ki, Türkiyə və Rusiyadan gətirilmə qızılca hadisələri ilə əlaqədar olaraq 2024-cü ildə də əhali arasında sözügedən xəstəliyin yayılma halları qeydə alınıb.
“Aşkar edilmiş hər bir qızılca hadisəsinin yaşayış və iş yeri üzrə, həmçinin təhsil müəssisələri, o cümlədən məktəbəqədər uşaq müəssisələri, uşaq evi, internat, sığınacaq, sanatoriya və digər müəssisələr üzrə epidemioloji müayinəsinin aparılması təmin edilib. Mütəşəkkil kollektivlərdə uşaqların sıx təması nəticəsində hava-damcı infeksiyalarının yayılması üçün daha əlverişli şəraitin olması nəzərə alınaraq, bütün ölkə ərazisində tibb müəssisələri tərəfindən profilaktik peyvənd işi, yaşa görə peyvəndlərdən kənarda qalmış uşaqların aktiv aşkarlanması və təcili vaksinasiyaya cəlb edilməsi işinə nəzarət gücləndirilib. Bundan başqa, 40 yaşadək şəxslər arasında qızılca və məxmərək əleyhinə immunoprofilaktika tədbirlərinin həyata keçirilməsi və qızılca hadisələrinin erkən aşkar olunması və infeksiya ocaqlarında əks-epidemik tədbirlərin aparılması nəticəsində 2024-cü ilin noyabr ayından etibarən Azərbaycanda qızılca hadisələri qeydə alınmayıb”,- deyə məlumatda bildirilib.