...

Təhlükəli yüklərin mülki hava gəmilərində daşınması Qaydaları təsdiqlənib

Cəmiyyət Materials 18 Mart 2025 16:53 (UTC +04:00)
Təhlükəli yüklərin mülki hava gəmilərində daşınması Qaydaları təsdiqlənib
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Təhlükəli yüklərin mülki hava gəmilərində daşınması Qaydaları təsdiqlənib.

Trend xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti qərar verib.

Qərara əsasən, bu Qaydalar mülki hava gəmisi ilə təhlükəli yüklərin göndərilməsi, qəbulu, saxlanması, yüklənib-boşaldılması və daşınması ilə məşğul olan hüquqi və fiziki şəxslərin, mülki hava gəmilərinin istismarçılarının hava limanlarının, təhlükəli yüklərin poçt vasitəsilə göndərilməsi ilə məşğul olan poçt operatorlarının, həmçinin təhlükəli yüklərin mülki hava gəmiləri ilə təhlükəsiz daşınmasına nəzarət edən müfəttiş heyətinin fəaliyyətinə şamil edilir. Təhlükəli yüklərin Azərbaycan Respublikasına mənsub mülki hava gəmilərində xarici dövlətlərin ərazisində və beynəlxalq hava yolları ilə daşınması zamanı həmin dövlətlərin qanunvericiliyində və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, bu Qaydaların müddəaları tətbiq edilir.Təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasına dair ümumi tələblər

Mülki hava gəmiləri ilə təhlükəli yüklərin lisenziya və icazə almış istismarçılar tərəfindən həyata keçirilir. Mülki hava gəmiləri ilə daşınan təhlükəli yüklər birbaşa təyinat məntəqəsinə daşınır. Aralıq hava limanlarında boşaldılması nəzərdə tutulan təhlükəli yükün təyinat məntəqəsinə daşınması yalnız təyinat məntəqəsi hava limanlarının rəhbərliyi və yerüstü xidmət təminatçısı ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Mülki hava gəmiləri ilə daşınmaya təqdim olunan təhlükəli yüklər bu Qaydalar və Konvensiyaya 18 nömrəli Əlavə ilə müəyyən olunmuş qaydada markalanma nişanları ilə nişanlanır və işarələnir. Doc 9284 sənədinə uyğun müəyyən edilmiş xüsusilə təhlükəli yüklərin daşınması ilə məşğul olan istismarçı və yükgöndərənlər müvafiq təlimatın tələblərinə uyğun olaraq təhlükəsizlik planını qəbul etməli və ona riayət etməlidirlər. Təhlükəli yüklərin olduğu qablaşdırmaların açılması və yenidən bağlanılması təhlükəli yüklər üzrə müvafiq təlim keçmiş mütəxəssislər tərəfindən həyata keçirilir.
Təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasını həyata keçirən istismarçı aşağıdakıları təmin etməlidir:
- təhlükəli yüklərin daşınmasına dair prosedurların təsdiqi;
- təhlükəli yükləri daşıyan mülki hava gəmisinin bortunda uçuş heyətinin qəza vəziyyətində davranışını tənzimləyən təlimatların olması;
- 7-ci sinif təhlükəli yüklər üçün qəza hazırlığı ilə bağlı “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” qanunda nəzərdə tutulmuş tələblərin təmin edilməsi.
Təsnifləşdirilməyən, sənədləşdirilməyən, sertifikatlaşdırılmayan, qablaşdırılmayan, markalanma nişanı olmayan və işarələnməyən təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasına yol verilmir.Təhlükəli yüklərin sərnişinlər və uçuş heyəti tərəfindən hava gəmisində daşınması Doc 9284 sənədi ilə müəyyən olunmuş qaydada həyata keçirilə bilər.
Ekoloji təhlükə yaradan maddələrin hava yolu ilə daşınmasına yol verilmir.
Təhlükəli yüklərin sinifləri təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınması ilə bağlı potensial riskləri müəyyən edir. Təhlükəli yüklər təhlükə dərəcəsinə uyğun olaraq aşağıdakı sinif və yarımsiniflərə bölünür:
- 1-ci sinif - partlayıcı maddələr aşağıdakı yarımsiniflərə ayrılmaqla, Doc 9284-də nəzərdə tutulmuş 13 uyğunluq qrupuna malikdir:
- 1-ci yarımsinif - tam kütləsi ilə partlaya bilən maddə və əşyalar;
- 2-ci yarımsinif - tam kütləsi ilə partlamayan, lakin partladığı zaman ətrafa ağır zədələnmə və səpələnmə təhlükəsi yaradan maddə və əşyalar;
- 3-cü yarımsinif - yanğın təhlükəsi və cüzi partlayış, cüzi dağılma və ya hər iki təhlükəyə malik olan, lakin tam kütləsi ilə partlamayan maddə və əşyalar;
- 4-cü yarımsinif - aşağı səviyyəli partlayış təhlükəsi ehtimalı olan və böyük təhlükəyə malik olmayan (partlayışın təsiri bağlama ilə məhdudlaşdırılan, böyük ölçülü məmulatların və bağlama elementlərinin uzaq məsafəyə dağıdılması xüsusiyyətləri olmayan və xarici od (alov) mənbəyi bağlamanın tərkibinin dərhal partlayışına səbəb olmayan) maddə və əşyalar;
- 5-ci yarımsinif - tam kütləsi ilə partlaya bilən cüzi həssaslığa malik olan maddələr;
- 6-cı yarımsinif - tam kütləsi ilə partlayış təhlükəsi olmayan çox cüzi həssaslığa malik olan maddələr;
- 2-ci sinif - qazlar:
- 1-ci yarımsinif - tezalışan qazlar;
- 2-ci yarımsinif - zəhərsiz, alışmayan qazlar;
- 3-cü yarımsinif - zəhərli qazlar;
- 3-cü sinif - tezalışan mayelər;
- 4-cü sinif - partlayıcı kimi təsnif olunmuş tezalışan maddələr istisna olmaqla, daşınma zamanı asan alışa bilən, yanğının törədilməsinə və yayılmasına səbəb ola bilən maddələr:
- 1-ci yarımsinif - tezalışan bərk maddələr, öz-özünə reaksiyaya gedən və buna oxşar maddələr, o cümlədən həssaslığı azaldılmış partlayıcı maddələr;
- 2-ci yarımsinif - öz-özünə qızma və alışma kimi ümumi xassələrə malik olan maddələr;
- 3-cü yarımsinif - su ilə qarışan zaman, tezalışan qazları ifraz edən maddələr;
- 5-ci sinif - oksidləşdirici maddələr və üzvi peroksidlər:
- 1-ci yarımsinif - oksidləşdirici maddələr;
- 2-ci yarımsinif - üzvi peroksidlər;
- 6-cı sinif - zəhərli və yoluxucu maddələr:
- 1-ci yarımsinif - zəhərli maddələr;
- 2-ci yarımsinif - yoluxucu maddələr;
- 7-ci sinif - radioaktiv maddələr;
- 8-ci sinif - korroziyaedici (aşındırıcı) maddələr;
- 9-cu sinif – ətraf mühitə təhlükəli olan maddələr də daxil olmaqla, digər təhlükəli maddə və əşyalar.
Təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınması zamanı onların paketlənməsi və qablaşdırılması aşağıdakı tələblərə uyğun olmalıdır:
- daşınma üçün istifadə olunan qablar keyfiyyətli olmalı və uçuş şəraitində temperaturun, rütubətin və ya təzyiqin dəyişməsi nəticəsində yarana biləcək sızmanın qarşısını almaq üçün etibarlı şəkildə bərkidilməlidir;
- qablar təhlükəli yükün xarakterinə uyğun olmalı, təhlükəli yüklərlə birbaşa təmas nəticəsində belə malların hər hansı kimyəvi və ya digər təsirinə davamlı olmalıdır;
- qablar və paketlənmə Doc 9284-də göstərilən material xüsusiyyətlərinə uyğun olmalı, habelə istənilən uçuş şəraitində təhlükəsiz daşınmanı təmin etməlidir;
- qablar beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğun olmalı və müvafiq tələblərə əsasən sınaqdan keçirilməlidir;
- maye halında olan yüklərin daşınması üçün istifadə edilən qablar sızmaya qarşı davamlı olmalıdır;
- qabların paketlənməsi zamanı daxilində olan qablar elə bərkidilməli və yerləşdirilməlidir ki, onların qırılma və ya sızması üçün təhlükə yaranmasın, uçuş şəraitində onların paket daxilində tərpənməsi qabın tərkibi və ya paket daxilində olanlar ilə təhlükəli reaksiya verməsin;
- təmizlənməmiş boş qablaşdırmalar əvvəlki tərkibinin xarakterinə görə təhlükə yarada bilərsə, onlar sıx bağlanır və yarada biləcək təhlükəni nəzərə almaqla emal olunur;
- təhlükəli maddə bağlamaların xarici səthinə yapışmamalıdır;
- normal daşınma şəraitində temperatur, rütubət və təzyiq dəyişikliyi və ya titrəmə nəticəsində baş verə biləcək sızmanın baş verməsini istisna etmək üçün qablaşdırma keyfiyyətli materiallardan hazırlanmalı, kip bağlanılmalı, onun hazırlandığı materiallar daşınan maddəyə qarşı təsirsiz olmalı, korroziyaya, yumşalmaya, kövrəkliyə, yüksək və ya aşağı temperaturun təsiri nəticəsində mexaniki yorulmaya və digər təbii təsirlərə məruz qalmamalıdır;
- qablaşdırmanın divarlarının xüsusiyyəti və qalınlığı daşınma zamanı baş verən sürtünmədən, maddənin (məmulatın) kimyəvi dayanıqlığının təhlükəli dərəcədə dəyişməsini və qızmasını istisna etməlidir;
- qablaşdırma normal uçuş şəraitində qırılmanın, çatlamanın və ya sızmanın qarşısını almalı, paketləmənin daxilində yerdəyişmənin baş verməsi nəticəsində qablaşdırmanın daxilində olan maddə (məmulat) reaksiyaya girdikdə təhlükə yaratmamalıdır;
- korroziya və ya digər zədələnmələrin baş verdiyi müəyyən edilmiş qablaşdırmanın təkrar istifadəsinə yol verilməməlidir.
Qablaşdırma üçün texniki sənədlərin işlənilməsi, onların sınaqdan keçirilməsi və təhlükəli yüklərin hava yolu ilə daşınması zamanı mülki hava gəmilərinin istismar xüsusiyyətləri, habelə aşağıdakılar nəzərə alınır:
- tutumlarda boş yer saxlanılmadığı təqdirdə aşağı temperaturda doldurulmuş və isti iqlim zonalarına daşınan maye yüklərin qızmadan genişlənməsi səbəbindən qablaşdırma daxilində təzyiqin artmasına, bunun nəticəsində mayenin axıdılmasına və ya qablaşdırmada çatların yaranmasına gətirib çıxara bilən temperaturun dəyişməsi;
- qablaşdırma və onun bağlayıcı qurğusu təzyiq sınaqlarından keçmədikdə uçuş zamanı atmosfer təzyiqinin aşağı düşməsi nəticəsində maye yükün axmasına və ya qablaşdırmanın dağılmasına gətirib çıxara bilən təzyiq dəyişməsi;
- qablaşdırmanın konstruksiyasının materialında yüksək gərginlik əmələ gətirən, qabda çatların yaranmasına (xüsusən qaynaq yerlərində), qapaqların və tıxacların açılmasına, kipliyin pozulmasına və axıdılmaya (dağılmaya) səbəb ola bilən vəziyyətin yaranması;
- uçuş zamanı hava gəmisinin qapalı məkan olması səbəbindən təhlükə yarandığı halda yüklərin uzaqlaşdırılmasının, boşaldılmasının mümkün olmaması, həmçinin yanğından mühafizə vasitələrinin tətbiqinin və təhlükəli maddələrin neytrallaşdırılması imkanlarının məhdud olması.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti