...

Televiziyalarda yeni yaradılacaq Azərbaycan işarət dilinə tərcümələr ediləcək

Cəmiyyət Materials 11 Aprel 2025 12:08 (UTC +04:00)
Televiziyalarda yeni yaradılacaq Azərbaycan işarət dilinə tərcümələr ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması qanunvericiliklə tənzimlənəcək.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, qanuna "Azərbaycan işarət dili" anlayışı və əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququnun təmin olunması məqsədilə "Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması" məzmununda yeni maddə əlavə olunacaq.

Belə ki, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verəcək. Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınacaq.

Dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edəcəklər.

Azərbaycan işarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik olan şəxslər həyata keçirəcəklər.

Bundan əlavə, dövlət tərəfindən audiovizual əsərlərin subtitrləşdirilməsi təşviq ediləcək.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti