Bakı. Trend:
Sosial Tədqiqatlar Mərkəzində 14 may 2025-ci il tarixində “Nəsillərarası həmrəylik ailə münasibətləri və dayanıqlı inkişaf kontekstində” mövzusunda dəyirmi masa keçirilib.
Trend xəbər verir ki, Beynəlxalq Ailə gününə həsr olunan tədbirdə mərkəzin son nəşrlərindən biri “Azərbaycanda nəsillərarası münasibətlər: ailə həmrəyliyi və qayğı” hesabatında irəli sürülən tədqiqat nəticələri təqdim edilib.
Dəyirmi masaya moderatorluq edən STM-in İdarə Heyəti sədrinin müavini, professor Tahirə Allahyarova giriş sözü ilə qonaqları salamlayıb və tədbiri açıq elan edib.
Tədqim olunan hesabatın müəllifi STM-in sektor müdiri Humay Axundzadə geniş məruzə ilə çıxış edərək sözügedən istiqamətdə ölkə miqyasında həyata keçirilən ilk tədqiqatın nəticələrini təqdim edib.
Nəticələr müasir dövrdə ölkəmizdə nəsillərarası həmrəyliyi şərtləndirən müxtəlif aspektləri - ev təsərrüfatları və birgəyaşayış formaları, nəsillərarası yardımlaşma və maddi dəstək növləri, ailədə müxtəlif nəsillərin nümayəndələri arasında ünsiyyət və kommunikasiya məsələləri, sosial dəyişikliklərin yaşlılar və cavanlar arasındakı münasibətlərə təsiri, yaşlılara və uşaqlara qayğı normalarının qalıcı və dəyişkən tərəfləri və s. mövzuları əhatə edir.
Tədqiqatçı nəsillərarası münasibətlərə xas olan bir sıra qlobal tendensiyaların Azərbaycan kontekstində də özünü biruzə verdiyini qeyd edib.
Daha sonra STM-in sosial-iqtisadi təhlil departamentinin müdiri Seymur Əliyev çıxış edərək qarşılıqlı yardımlaşmanın nəsillərarası həmrəyliyin başlıca determinantlarından biri kimi səciyyəsindən, bu sahədə əsas sosioloji trendlərdən söz açıb.
Milli Məclisin aparat məsləhətçisi Aynur Veysəlova-Abbasova hesabatda yer alan məsələlərin ölkəmizdə ailə siyasətinin formalaşması baxımından əhəmiyyətindən, Azərbaycan reallığında nəsillərarası münasibətlərdən danışıb.
Ailə, Qadın və Uşaq məsələlərin üzrə Dövlət Komitəsi, Ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyeva “Ənənəvi dəyərlər prizmasından gələcəyə baxış: ailə və dövlətin qarşısında duran əsas vəzifələr” mövzusunda məruzə ilə çıxış edib.
Azərbaycan Universitetinin “Sosial iş” kafedrasının müdiri Nigar Şahhüseynbəyova milli və mənəvi dəyərlər sistemində ailənin rolundan bəhs edib
Məruzələr bölməsi Sosial Tədqiqatlar Mərkəzi İctimai rəyin öyrənilməsi departamentinin baş məsləhətçisi Nailəxanım Rüstəmovanın “Gənclərin nikah modeli ailə münasibətlərindəki dəyişikliklər kontekstində nəzərdən keçirən çıxışı ilə tamamlanıb.