...

Universitetlərin distant təhsilə keçid hazırlığı: Hazırkı vəziyyət və gələcək perspektivlər

Cəmiyyət Materials 15 May 2025 18:18 (UTC +04:00)
Universitetlərin distant təhsilə keçid hazırlığı: Hazırkı vəziyyət və gələcək perspektivlər
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Son dövrlərdə distant təhsil müzakirə olunan mövzular arasındadır. Bu yaxınlarda Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən bununla bağlı standartlar da qəbul edildi.

Bəs, universitetlərimiz buna hazırdır?

Trend mövzu ilə bağlı universitetlər arasında sorğu keçirib.

İlk olaraq Azərbaycan Universitetindən Trend-ə bildirilib ki, AU-da tədrisin distant formada təşkili üçün müvafiq infrastruktur və maddi-texniki baza var:

“Həmçinin, bu sahədə kifayət qədər təcrübəmiz də var. COVID-19 pandemiyası dövründə və COP29 günlərində bu təcrübəni uğurla tətbiq etmişik. Universitet bu təhsil formasına tam hazırdır və bütün imkanlar mövcuddur”.

Öz növbəsində Xəzər Universitetindən qeyd edilib ki, ali təhsil müəssisəsi lazımi texniki bazaya sahibdir:

“Xəzər Universitetinin bu sahədə heç bir problemi yoxdur”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən də əlavə edilib ki, ADMİU-nun digər təhsil müəssisələri kimi pandemiya günlərindən sonra artıq distant təhsillə bağlı ciddi təcrübəsi var:

“Zaman-zaman bu təcrübə lazım olduğu məqamlarda istifadə olunur. Eyni zamanda ADMİU-nun elektron jurnalı fəaliyyət göstərir. Bu jurnal vasitəsilə həm müəllimlərimizin, həm də bütün tələbələrimizin özünə aid şəxsi profilləri var. Onlar tədris prosesinin qiymətləndirilməsini və digər prosesləri həmin jurnal vasitəsilə yerinə yetirə bilirlər. Eyni zamanda hər bir müəllim və tələbənin özünə aid olaraq universitet tərəfindən verilmiş mail adresləri var. Bu mail-lər vasitəsilə hər bir qrup Microsoft Teams proqramı vasitəsilə qeydiyyatdan keçib.Lazım olduqda isə həmin proqram vasitəsilə tədris davam etdirilir. Yəni, universitetimizdə distant təhsillə bağlı hər bir şərait nəzərə alınıb”.

Azərbaycan Tibb Universitetindən isə bildirilib ki, ölkədə distant təhsilə keçid edilərsə ATU-da texniki baxımdan heç bir problem yaşanmayacaq:

“Amma qeyd etmək lazımdır ki, ATU-nun dərsləri çox spesifik və fərqli olduğuna görə distant və onlayn tədris forması bizdə çətindir”.

Azərbaycan Texniki Universitetindən əlavə edlib ki, hazırda tədris ənənəvi qaydada davam etdirilir. Bununla yanaşı, distant təhsillə bağlı da AzTU geniş təcrübəyə malikdir. Zərurət olduğu təqdirdə AzTU distant tədrisə hər zaman hazırdı.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) bildiriblər ki, son illərdə dünya üzrə təhsil sistemində baş verən qlobal dəyişikliklər və texnoloji inkişaf fonunda ali təhsilin gələcək inkişaf istiqamətləri baxımından distant təhsilin imkanlarını nəzərə alaraq bu istiqamətdə işlər aparır:

"Xüsusilə, pandemiya dövründə, eləcə də bəzi digər mühüm hallarda (COP29 çərçivəsində ölkə üzrə dərslərin müvəqqəti onlayn formaya keçirilməsi, qarlı hava şəraitində dərslərin distant şəkildə davam etdirilməsi kimi) bu modelin sınaqdan keçirilməsi və tətbiq imkanlarının genişlənməsi baxımından mühüm təcrübə olmuşdur. Universitetimiz distant təhsilin təşkili və tətbiqi ilə bağlı bir sıra strateji addımlar atıb, müasir texnoloji bazaya əsaslanan infrastruktur yaradılıb. Onlayn tədris platformalarının istifadəsi, elektron tədris idarəetmə sisteminin (LMS) tətbiqi, müəllimlər və tələbələr üçün Moodle və Ms Teams kabinetlərinin yaradılması, rəqəmsal tədris resurslarının hazırlanması, müəllim heyətinin bu sahədə ixtisasartırma proqramlarına cəlb olunması və bu istiqamətdə daimi təkmilləşdirmələrin aparılması buna misal ola bilər.

Distant təhsilin hüquqi bazası yaradılacağı və icrasına başlanacağı halda ADPU bu yeniliklərin tətbiqinə tam hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti