Bakı. Trend:
Hazırda icbari tibbi sığorta sistemində maliyyə yükünün əsas hissəsi bir neçə aparıcı xəstəlik qrupuna yönəlir. Əldə olunan məlumatlara əsasən, ən çox maliyyə xərclənən 3 əsas xəstəlik qrupu qan dövranı, həzm və sümük-əzələ sistemi xəstəlikləridir.
Bu sözləri Trend-ə özəl müsahibəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji inkişaf və iqtisadi təhlil departamentinin rəhbəri Ramil Muxtarzadə deyib.
O bildirib ki, qan dövranı sistemi xəstəlikləri 21% təşkil edir.
"Bu kateqoriyaya əsasən hipertoniya, ürəyin işemik xəstəlikləri, infarkt, ürək çatışmazlığı və digər kardioloji hallar daxildir. Bu tip xəstəliklər adətən uzunmüddətli müalicə və nəzarət tələb etdiyindən, ambulator və cərrahi müalicə, müxtəlif diaqnostik tibbi xidmətlər ciddi maliyyə yükü yaradır.
8% təşkil edən həzm sistemi xəstəlikləri, yəni mədə-bağırsaq sisteminə aid problemlər, məsələn, mədə və onikibarmaq bağırsaq xoraları, xroniki qastrit, hepatitlər və pankreatit kimi hallar da icbari tibbi sığorta fondundan ciddi maliyyə resursları tələb edir",- deyə o əlavə edib.
Ramil Muxtarzadə vurğulayıb ki, sümük-əzələ sistemi və birləşdirici toxuma xəstəlikləri də 8% təşkil edir.
"Bura artroz, artrit, osteoxondroz, bel və oynaqlarda degenerativ dəyişikliklər kimi xəstəliklər daxildir. Bu tip hallarda həm rentgen, MRT kimi diaqnostik tibbi xidmətlər, həm də fizioterapiya və ortopedik müdaxilələr əsas maliyyə yükünü təşkil edir.
Nəticə olaraq deyə bilərik ki, bu üç xəstəlik qrupu əhali arasında geniş yayılıb, uzunmüddətli davam edir və çoxsaylı müraciətlərlə müşayiət olunur. Buna görə də icbari tibbi sığorta fondu bu sahələrə daha çox vəsait ayırır",- departament rəhbəri qeyd edib.