Bakı. Trend:
Ölkə üzrə bütün mənzil fondunun ümumi sahəsi son 20 il ərzində 1.6 dəfə artıb. 2003-cü ildə 125 milyon kvadratmetr təşkil edən bütün mənzil fondu, 2023-cü ildə 200.7 milyon kvadratmetrə bərabər olub.
Trend xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Millət vəkili Zahid Oruc "Bakı Şəhərinin mövcud mənzil fondunun inkişafında yeni gözləntilər" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, bunun 6%-i dövlət, 94%-i isə qeyri-dövlət mülkiyyətinə aiddir: "Mənzil fondunun 93%-i və ya 187,0 milyon kvadratmetri əhalinin şəxsi mülkiyyətindədir. Hər il dövlət büdcəsindən təkcə zərərin ödənilməsi və təmir işləri üçün təqribən 25-28 milyon manat ayrılır".
"Son 10 ildə orta hesabla əhalinin hər nəfərinə düşən mənzil və ev sahəsi 17.6 kvadratmetrdən 20.8 kvadratmetrə çatıb", - deyə millət vəkili əlavə edib.