Ağdam. Trend:
Ağdam rayonunun Sarıcalı kəndinin yenidən qurulması ilə bağlı dövlət tapşırığına uyğun olaraq həmin ərazilər təmizlənib, evlər tikilib və əhali əraziyə köçürülüb. Hazırda minatəmizləmə əməliyyatları apardığımız ərazi təhlükəsizlik üçün əlavə ərazilərin təmizlənməsidir.
Trend xəbər verir ki, bu sözləri ANAMA-nın əməliyyat rəhbəri Xaliq Zülfüqarov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda Sarıcalı kəndinin ətrafında təhlükəsizlik üçün əlavə ərazilər təmizlənir: "Təmizləmə fəaliyyətinə ANAMA- nın mina axtarma heyəti ilə yanaşı, həmçinin mexaniki minatəmizləmə vasitələri, həmçinin xüsusi təlim keçmiş minaaxtaran itlər cəlb olunub".
O qeyd edib ki, təmizlənmə işi görüləcək ərazi keçmiş təmas xəttinin ərazisidir:
"Bura minalarla, partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ərazilərdən biri sayılır. Gün ərzində piyada əleyhinə, tank əleyhinə minalar və həmçinin müxtəlif təyinatlı partlamamış hərbi sursatlar aşkar olunur. Bu gün iş gününün sonunda ərazidə tapılmış minaların partlayış yolu ilə zərərsizləşdirilməsi sizə nümayiş olunacaq".