Bakı. Trend:
Ailə institutu ilə bağlı məsələlər bu gün dünyada ciddi aktuallıq kəsb edir. Bu, Bakıda işə başlayan "Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər" adlı tədbir zamanı çıxışlarda açıq şəkildə vurğulandı, həm də bizim gündəlik fəaliyyətimiz zamanı ortaya çıxan çoxsaylı problemlərdə özünü göstərməkdədir. Qarşılaşdığımız çətinliklərin aradan qaldırılması, müxtəlif ölkələrdəki ümumi vəziyyətin təhlili və Türk dünyasında ailə institutunun durumu xüsusi diqqət mərkəzindədir.
Trend xəbər verir ki, bunu "Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər" adlı tədbir çərçivəsində jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, tədbirdə müzakirələr zamanı ailə dəyərlərinin qorunması, inkişafın müxtəlif istiqamətlərdə ailə həyatına təsiri, bu təsirlərin nəticələri, ailələrin üzləşdiyi çağırışlar və onların aradan qaldırılması yolları ətrafında fikir mübadiləsi aparılır. Eyni zamanda, ailə institutunu təhdid edən təhlükələrin qarşısının alınması, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və səylərin birləşdirilməsi məsələləri də gündəmdədir.
Komitə sədri bildirib ki, indiyədək həm Türkiyənin ev sahibliyi etdiyi tədbirlərdə, həm də nazirlərin ilk iclasında bu məsələlər ətraflı şəkildə müzakirə olunub.
"Hazırda isə konkret istiqamətlər üzrə daha dərin və praktik müzakirə mərhələsinə keçid edilir. Dünyanı təhdid edən bir sıra təhlükələr ətrafında aparılacaq geniş fikir mübadiləsi nəticəsində müxtəlif ölkələrdə mövcud olan müsbət təcrübələrin öyrənilməsi, onların bir araya gətirilməsi və ortaq hədəflər naminə, ortaq dəyərlərin qorunması məqsədilə səylərin birləşdirilməsi istiqamətində mühüm addımlar atılacaq.
Tədbirin yekununda səsləndirilən fikirləri, qarşıya qoyulan hədəflərə uyğun fəaliyyət istiqamətlərini, tövsiyələri və nəticələri özündə əks etdirən birgə kommünike qəbul olunacaq və bu sənəd ictimaiyyətə açıqlanacaq. Həmin kommünikedə nəzərdə tutulan məsələlər isə gələcəkdə bizim fəaliyyət planımıza daxil ediləcək və davamlı şəkildə icra olunacaq", - deyə komitə sədri diqqətə çatdırıb.