Bakı. Trend:
Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmə hazırlıq prosesi keçirilib.
Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə cinayət işinin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.
Məhkəmənin növbəti prosesi 25 iyunda keçiriləcək.
Qeyd edək ki, yanvarın 4-də paytaxtın Xətai rayonunda bir qrup
idmançı xuliqanlıq zəminində insident törədib. İdmançıların DSX
mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad
Zeynalova hücum etdikləri bildirilib.
Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin
Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis
tərəfindən saxlanılıb.
Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.
Xətai rayon Məhkəməsinin qərarına əsasən, saxlanılan Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci ( Xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 126.2.4 (ağır dərəcədə bədən xəsarətləri yetirmə) 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb.