...

Xankəndidə bayraq, Qarabağda sülh: 2023-cü ilin tarixi əməliyyatı

Cəmiyyət Materials 19 Sentyabr 2025 20:20 (UTC +04:00)
Xankəndidə bayraq, Qarabağda sülh: 2023-cü ilin tarixi əməliyyatı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının 2023-cü il 19 sentyabr tarixində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri təkcə hərbi əməliyyat kimi deyil, həm də dövlətin suveren hüquqlarının icrası, beynəlxalq hüquqa və üçtərəfli razılaşmalara əsaslanan siyasi və təhlükəsizlik qərarı kimi qiymətləndirilməlidir.

Belə ki, antiterror tədbirləri başlamazdan əvvəl Ermənistanın və Qarabağ bölgəsindəki separatçı qüvvələrin bir neçə istiqamətdə sistemli və məqsədyönlü təxribatları qeydə alınmışdı. Bunlara misal Ermənistan tərəfindən erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilməsi, mövqelərimizin tez-tez atəşə tutulması, separatçı rejimin davamlı olaraq “müstəqillik” iddiaları ilə çıxış etməsi və “parlament seçkiləri” keçirməsi, konstitusiya və hüquqi sistemini tanımamaqla dövlət suverenliyinə açıq təhdid yaratmalarını göstərmək olar.

Bütün bunlar regionda sülh və təhlükəsizlik üçün ciddi təhlükəyə çevrilmişdi. Təxribatların davam etməsi artıq yalnız lokal insidentlər deyil, bölgədə sabitliyi tam pozacaq risklərə yol açırdı. Belə bir şəraitdə dövlətin cavab tədbirləri qaçılmaz idi.

Azərbaycan, Rusiya və Ermənistanın 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanat bölgədə hərbi əməliyyatların dayandırılması və yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün hüquqi baza rolunu oynayırdı. Bəyanatın əsas müddəalarından biri – erməni silahlı birləşmələrinin bölgədən çıxarılması – 3 il ərzində icra olunmadı. Əksinə, həmin qüvvələrin sayının artırıldığı, yeni silahların daşındığı və hərbi infrastrukturların yaradıldığı aşkarlanmışdı.

Beləliklə, Üçtərəfli Bəyanatın kobud şəkildə pozulması, Azərbaycanı beynəlxalq hüququn verdiyi özünümüdafiə hüququndan istifadə edərək bu addımı atmağa məcbur etdi.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində – Qarabağda – uzun illər boyunca fəaliyyət göstərən qeyri-qanuni separatçı rejim ölkənin konstitusion sisteminə zidd olaraq özünü idarəedici bir siyasi struktur kimi təqdim etməyə çalışırdı. “Prezident”, “parlament”, “məhkəmə” kimi institutlar yaradırdılar. Bu isə Azərbaycan Respublikasının Konstitusiyası və dövlətçiliyi üçün açıq təhlükə idi. Belə bir vəziyyətdə dövlətin əsas vəzifəsi öz hüquqi sistemini ərazisinin hər yerində təmin etmək idi.

2023-cü il sentyabrın 19-da Ermənistan silahlı birləşmələrinin Qarabağda törətdikləri terror aktı Azərbaycana qarşı aparılan məqsədyönlü və planlı terror siyasətinin davamı idi. Ermənistan ordusunun Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı. Bütün bu təxribatların qarşısının alınması, Üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olundu. Qısamüddətli lokal xarakterli antiterror əməliyyatları nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və lokal xarakterli antiterror tədbirləri dayandırıldı.

Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti