Bakı. Trend:
Mövzular düzgün təsdiq edilmir, elmi rəhbərlər tələbələri lazımi şəkildə yönləndirmir, elmi rəhbər işə baxmır, müzakirələrdə isə mövzunu heç kim oxumur.
Trend xəbər verir ki, bunu bu gün Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı ilə bağlı "Sosial-siyasi elmlər, müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər" mövzusunda keçirilən dəyirmi masada Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İskəndərov çıxışında bildirib.
Onun sözlərinə görə, Ali Attestasiya Komissiyasında qarşılaşdığı əsas problemlər mövzuların təsdiqi zamanı düzgün təsdiq edilməməsi, elmi rəhbərin prosesə lazımi diqqət göstərməməsi və müzakirələrdə işlərin heç kim tərəfindən oxunmaması ilə bağlıdır:
"2027-ci ildə pilot layihə kimi müəllimlərin əməkhaqlarının artırılması prosesi Prezident İlham Əliyevin müəllimə verdiyi dəyərin göstəricisidir. Ümumiyyətlə, tədqiqat universitetlərinin inkişafı ali təhsildə yeni çağırışdır. Tədqiqat mərkəzləri olmalıdır ki, bu torpaqların sənə məxsus olduğunu dünyaya sübut edə və ortaya qoya biləsən".
