Bakı. Trend:
Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində növbəti ağacəkmə aksiyası keçirilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiya “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun kənarında təşkil olunub.
Bu barədə Trend-ə icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, ekoloji tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində magistral yolun kənarında yerli iqlim şəraitinə uyğun 1000-dən çox şam ağacı əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması təmin olunub.
Qeyd edək ki, Xaçmaz rayonunda ağacəkmə aksiyaları mütəmadi olaraq təşkil edilir. Məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, rayonun ekoloji tarazlığına töhfə vermək və insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdir.