Bakı. Trend:
Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının tutulma qaydası dəyişdiriləcək.
Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Sosial sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Dəyişikliyə əsasən, fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər məcburi dövlət sosial sığorta haqqını aşağıdakı dərəcələrlə ödəyəcəklər:
- toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət, fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət – minimum aylıq əməkhaqqının 3 faiz artırılaraq 8 faizi miqdarında;
- çəkməçi, pinəçi, bərbər, dərzi fəaliyyəti, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, nəqqaşlıq emalatxanalarının fəaliyyəti, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən (ofisiant), fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər – minimum aylıq əməkhaqqının 2 faiz artırılaraq 5 faizi miqdarında.
