Bakı. Trend:
Səbail rayonunun 2025-ci ilinin sosial-iqtisadi inkişafının yekunları və həmin müddətdə görülən işlər barədə Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib.
Bu barədə Trend-ə icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHBA-nın əməkdaşları, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Hesabat tədbirini giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir tarixi şəraitə uyğun olaraq, yaradıcılıqla və uğurla davam etdirərək Respublikamızın böyük uğurlara imza atmasına nail olunub. Dünyada mürəkkəb geosiyasi proseslərin, iqtisadi qeyri-sabitliyin və münaqişələrin davam etdiyi bir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti möhkəm siyasi sabitliyini qoruyub saxlamış, sosial-iqtisadi inkişafını uğurla davam etdirmiş, milli maraqlarını qətiyyətlə təmin edib. Xüsusilə qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi altında əldə edilən möhtəşəm Zəfər tariximizin ən parlaq səhifələrindən biri olmaqla yanaşı, Azərbaycan xalqının milli ruhunu, özünəinamını və dövlətçiliyimizin sarsılmazlığını bütün dünyaya nümayiş etdirib. Zəfərdən sonra başlanan genişmiqyaslı quruculuq və bərpa prosesi, azad edilmiş ərazilərdə həyata keçirilən şəhərsalma və memarlıq layihələri ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu aydın şəkildə göstərir. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi böyük strateji və ideoloji əhəmiyyət daşıyır. Eyni zamanda, Qərbi Azərbaycanla bağlı dövlət başçısının prinsipial və ardıcıl mövqeyi, tarixi ədalətin bərpasına yönəlmiş siyasi xətti xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səbail rayonuna göstərdiyiniz xüsusi diqqət və qayğı rayon ictimaiyyəti tərəfindən daim yüksək qiymətləndirilir. Qarşıdakı dövrdə Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq, Səbail rayonunda sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi əsas prioritetlərimiz olacaqdır”.
Hesabat yığıncağında cıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev və digər natiqlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışaraq 2025-ci ildə islahatların yeni mərhələsinə qədəm qoyulduğunu və islahatların məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atıldığını, eyni zamanda Səbail rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri, sosial infrastrukturun yenilənməsi, yeni iş yerlərinin açılmasının dövlət başçısının siyasətinin real nəticəsi olduğunu bildirib.
Sonda cari ilin hədəflərini əks etdirən qərar qəbul olunaraq, toplantı iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq ifadə olunub.
