Bakı. Trend:
Xəstənin 103 xidmətinin əməkdaşları tərəfindən “endirilərək tərk edilməsi” ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalımaz Tibbi Yardım Mərkəzinin məlumatına görə,18 yanvar 2026-cı il tarixində saat 20:50 radələrində Çobanzadə İnci Rəşad qızı Tovuz Rayon Mərkəzi Xəstəxanasının infeksion şöbəsində stasionar müalicə aldığı halda, xəstənin yaxınları tərəfindən özbaşına şəkildə Tovuz Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edilərək dispetçerə qarşı təzyiq göstərərək təxliyə tələbi irəli sürülüb.
"Mövcud qaydalara əsasən, xəstənin təxliyəsi barədə qərar yalnız həkimlərin konsiliumu və müvafiq mütəxəssislərin rəyindən sonra qəbul edilir və qəbul edən xəstəxana ilə razılaşdırıldıqdan sonra Regional Təcili Tibbi Yardım Mərkəzinin Mərkəzi Dispetçer Xidməti vasitəsilə təşkil olunur. Lakin qeyd olunan halda mövcud protokol pozulub, dispetçer tərəfindən mərkəzə məlumat verilmədən briqada göndərilib. Bununla əlaqədar olaraq, məsul əməkdaş barəsində inzibati tənbeh tədbiri görüləcəkdir.
Hadisə zamanı təcili tibbi yardım briqadasına xəstənin yenidən xəstəxanaya qaytarılması, vəziyyətinin stabilləşdirilməsi və təxliyənin mövcud qaydalara uyğun şəkildə təşkili barədə tapşırıq verilib. Lakin xəstənin yaxınları geri qayıtmaqdan imtina etmiş, xəbərdarlıqlara baxmayaraq ambulansı məcburi şəkildə saxlayaraq xəstəni ambulasdan götürərək DYP patrul avtomobili ilə Gəncə istiqamətində aparıblar.
Xəstənin 103 xidmətinin əməkdaşları tərəfindən “endirilərək tərk edilməsi” ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir", məlumatda bildirilib.
Qeyd edək ki, mediada Tovuz Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadasının ağır vəziyyətdə olan xəstə uşağı yolda köməksiz vəziyyətdə qoyması ilə bağlı xəbərlər yayılıb.
