...

ƏLİ HÜSEYNOV: ""SİYASİ MƏHBUS" MƏSƏLƏSİ ARTIQ AZƏRBAYCANIN ÖZ DAXİLİNDƏ HƏLLİNİ TAPACAQ"

Cəmiyyət Materials 10 Sentyabr 2005 15:03 (UTC +04:00)

Dövlət orqanları ilə hüquq müdafiəçilərinin birgə təmsil olunduğu insan haqlarına dair işçi qrupunun iclası sentyabrın ikinci ongünlüyündə keçiriləcək. Bu barədə Trend ə işçi qrupunun üzvü, Milli Məclisin Hüquqi Siyasət və Dövlət Quruculuğu daimi Komissiyasının sədri Əli Hüseynov məlumat verib.

O, bildirib ki, növbəti iclasda artıq aimnistiya məsələsi müzakirə olunmayacaq: "Çünki biz hüquq müdafiəçilərinin amnistiya haqqında təklifinə münasibətimizi bildirmişik. Amnistiya haqqında qanun parlamentdə qəbul oluna bilər, parlament isə indi seçki ərəfəsindədir. Seçkidən sonra formalaşacaq parlamentdə amnistiya məsələsinə baxıla bilər"-deyə Əli Hüseynov bildirib.

O, qeyd edib ki, işçi qrupunun iclasında insan hüquqları ilə bağlı bütün məsələlər müzakirə olunur. Ə.Hüseynovun sözlərinə görə, "siyasi məhbus" adlandırılan şəxslərin barəsində müzakirələr aparılır, daxil olan şikayətlərə baxılır: "Biz həmin şəxsləri "siyasi məhbus" hesab etmirik. Avropa Şurasının "siyasi məhbus" adlandırdığı şəxslərin işi ilə bağlı araşdırmalar aparırıq. Biz hesab edirik ki, bu məsələ artıq siyasi konteksdən çıxıb, Avropa Şurası da bu işçi qurupunun yaranmasını dəstəkləyib, təqdir edib. Qərara alınıb ki, siyasi məhbus problemi Azərbaycanın öz daxilində həllini tapsın"-deyə Əli Hüseynov məlumat verib.

İşçi qrupunun Milli Məclisdən olan üzvü bildirib ki, sözügedən məsələnin həllinə dair artıq müəyyən nəticələr əldə ediblər. Onun sözlərinə görə, bu işçi qrupu insan haqlarına dair strateji işlə məşğuldur, siyasi məhbus adlandırılan şəxsləri həbsdən azad etmək səlahiyyətləri yoxdur. İşçi qrupunun fəaliyyətinin davamlılıq müddətinə gəldikdə, millət vəkili bildirib ki, insan haqları ilə bağlı problemlər həll olunana qədər bu əməkdaşlıq davam edəcək: "Ümumiyyətlə, qeyri-hökumət təşkilatları ilə hakimiyyət nümayəndələri arasında əməkdaşlıq vacibdir.

Bu işçi qrupunun fəaliyyəti dayansa belə, istənilən digər müstəvidə hüquq müdafiə təşkilatları ilə əməkdaşlığı davam etdirəcəyik"-deyə Əli Hüseynov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti