İqtisadi İnkişaf Nazirliyi tərəfindən jurnalistlər üçün tikilmək məqsədilə Biləcəridə ayrılan yarımtikilidən imtina edilib. Bu barədə Trend ə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. O bildirib ki, nazirliyin balansında olan bir tikiliyə baxış keçiriblər. Lakin Biləcəri qəsəbəsindəki həmin tikili əlverişli yerdə olmayıb. Şəhərdən uzaq olan bu binada həm də məcburi köçkünlər məskunlaşıblar. "Onları binadan çıxarmaq da düzgün olmazdı", - deyən Ə.Amaşov bildirib ki, həmin yerdən tamamilə imtina edilib.
Mətbuat Şurası sədrinin sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyi bundan sonra daha bir neçə yer təklif edib. Həmin ünvanların jurnalistlər üçün əlverişli olub-olmadığını müəyyənləşdirmək üçün Mətbuat Şurası nümayəndələri bu binalara da baxış keçirəcək, onun yeri, şəraiti ilə tanış olacaqlar: "Sonda təklif olunan binalardan birini seçəcəyik",-deyə Ə.Amaşov bildirib.
Qeyd edək ki, Milli Mətbuatın 130 illik yubileyi münasibəti ilə bir sıra jurnalistlərə ev verilməsi üçün prezidentə edilən müraciət İqtisadi İnkişaf Nazirliyinə göndərilib. Buna görə də Nazirlik Mətbuat Şurası ilə birgə jurnalistlərə müvafiq bir bina ayrılması məsələsi ilə məşğul olur.