Azərbaycan yeni mövsümdə İntertoto kuboku oyunlarında bir klubla təmsil olunacaq.
AFFA-dan Trend ə verilən məlumata görə, UEFA-nın İcraiyyə komitəsi Romada keçirilmiş iclasda Avropa kubokunun strukturunun dəyişdirilməsinə dair qərar qəbul edib. Bununla əlaqədar, bu turnirdə hər Avropa ölkəsini bir klub təmsil edəcək. Beləliklə, iştirakçı klubların sayı 49-a enəcək.
Bundan başqa, yarışlar 5 deyil, 3 mərhələdən ibarət olacaq. İntertoto kubokunun 11 qalibi UEFA kubokunun ikinci təsnifat mərhələsində oynamaq hüququ əldə edəcək.
Xatırladaq ki, bu mövsüm respublikanı İntertoto kubokunda Karvan klubu təmsil edib.