...

BAKIDA BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN MƏDƏNİYYƏT GÜNLƏRİ KEÇİRİLİR

Cəmiyyət Materials 27 Sentyabr 2005 13:10 (UTC +04:00)

Sentyabrın 27-də Azərbaycanda Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət günləri başlayıb. Azərbaycanın Mədəniyyət Nazirliyindən Trend ə verilən məlumata görə, tədbir hər iki ölkənin mədəniyyət nazirliklərinin əməkdaşlığı çərçivəsində təşkil olunub.

BƏƏ-nin incəsənət və mədəniyyət xadimlərindən ibarət təxminən 100 nəfərlik nümayəndə heyətinə ölkənin informasiya və mədəniyyət nazirinin müavini Saqr Gübəş rəhbərlik edir.

Günorta nümayəndə heyəti Şəhidlər Xiyabanını və Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin məzarını ziyarət edəcək. BƏƏ-nin mədəniyyət günlərinin rəsmi açılış mərasimi saat 16:00-da muzeylər mərkəzində olacaq. Burada, həmçinin, fotosərgi də fəaliyyət göstərəcək və ölkənin ənənəvi mədəniyyəti nümayiş etdiriləcək, o cümlədən "Ərəb Əmirliklərinin inkişaf tarixi" mövzusunda mühazirə oxunacaq. Axşam nümayəndə heyəti şəhərlə tanış olacaq.

Sentyabrın 28-də nümayəndə heyəti mədəniyyət naziri Polad Bülbüloğlu tərəfindən qəbul olunacaq. Daha sonra qonaqlar Qobustan dövlət tarixi qoruğuna və Atəşgaha baş çəkəcəklər. Səfər proqramına, həmçinin, Şəkiyə səfər, S.Rəhman adına Şəki dövlət teatrında çıxış, şəhərin mədəni-tarixi abidələri ilə tanışlıq da daxildir. BƏƏ-nin mədəniyyət günləri oktyabrın 2-də ölkənin Bakıdakı incəsənət ustalarının Mahnı Teatrında konserti ilə başa çatacaq.

Xəbər lenti

Xəbər lenti