Sentyabrın 28-də Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov daxili işlər naziri Ramil Usubovla görüşüb. Bu barədə Trend ə Əflatun Amaşov məlumat verib. Daxili İşlər Nazirliyində keçirilən görüşdə MŞ sədrinin müavini Qulu Məhərrəmli, Şuranın KİV-lərin dövlət orqanları ilə münasibətlərinin tənzinlənməsi üzrə Komissiyanın sədri və 25 sentyabr aksiyasında monitorinq qrupunun rəhbəri İbrahim Məmmədli, həmçinin həmin aksiyada zərər çəkmiş jurnalistlər iştirak ediblər.
Qeyd edək ki, 25 sentyabr aksiyasında bir neçə jurnalistlər təzyiqlə üzləşmiş, xəsarət almış, onların fotoapartları sındırılmışdı. Jurnalistlərə öz peşə borclarını yerinə yetirərkən hüquq-mühafizə orqanları əməkdaşlarının yaratdıqları problemlərlə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edilmişdi. MŞ sədri müraciətində bu məsələlərlə bağlı Ramil Usubovla görüş keçirmək istədiklərini də bildirmişdi.
Nazirlə görüşdə jurnalistlərin kütləvi aksiyalar zamanı sərbəst məlumat toplamaq imkanının yaradılması, həmçinin bu məsələdə bəzən nöqsanlara, qanun pozuntularına yol verilməsi məsələləri müzakirə olunub. "Azadlıq" blokunun 25 sentyabrda keçirdiyi aksiyada jurnalistlərlə bağlı baş verən bu və digər faktlar barədə nazirə məlumat verilib. Nazir bütün hüquq-mühafizə orqanları əməkdaşlarına jurnalistlərə peşə vəzifələrini yerinə yetirməsi üçün şərait yaratmalarına dair tapşırıq verməsinə baxmayaraq, bəzən polislər tərəfindən bu qaydaların pozulmasının səbəbləri barədə müzakirələr aparılıb. Nazir bundan sonrakı aksiyalarda da KİV nümayəndələrinin fəaliyyətlərinə əngəllər yaradılmaması, təzyiqlərlə üzləşməməsi üçün tədbirlər görüləcəyini deyib.