...

Martın 6-da vəkil Adil İsmayılov Azərbaycandan Budapeştə yola düşəcək

Cəmiyyət Materials 27 Fevral 2006 16:22 (UTC +04:00)

Martın 6-da vəkil Adil İsmayılov 2004-cü ildə Budapeştdə keçirilən hərbi kurslar zamanı erməni zabiti Qurger Markaryanı qətlə yetirməkdə təqsirli bilinən Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Ramil Səfərovun məhkəməsində iştirak etmək üçün növbəti dəfə Macarıstan Respublikasının Budapeşt şəhərinə yola düşəcək. Bu barədə Trend ə A.İsmayılov məlumat verib.

Qeyd edək ki, R.Səfərovun üzərində sonuncu məhkəmə iclası ötən il dekabrın 15-də keçirilib. Lakin hakim hadisə baş verərkən R.Səfərovun psixoloji durumunun hansı vəziyyətdə olmasının yoxlanılmasına dair 3-cü dəfə keçirilmiş ekspertiza rəyini qəbul etmədiyi üçün məhkəmə prosesi martın 7-nə qədər təkrar təxirə salınıb.

"Məlum olduğu kimi, ekspertlərin sonuncu məhkəmə prosesinə təqdim etdikləri rəylərdə hadisə baş verərkən Ramilin tam anlaqsız vəziyyətdə olduğu qeyd olunurdu. Lakin hakim həmin rəyi qəbul etmədi və 4-cü dəfə ekspertiza müayinəsi təyin edilərək məhkəmənin işi təxirə salındı.

"Mən Ramilin Budapeştdəki vəkili ilə sonuncu dəfə fevralın 26-da əlaqə saxlamışam və ekspertiza rəyi ilə maraqlanmışam. Lakin vəkil bildirib ki, hələlik rəylə bağlı heç bir məlumatı yoxdur" - deyə A.İsmayılov bildirib.

A.İsmayılov onu da qeyd edib ki, Macarıstanın qanunlarına görə, məhkəmə ekspertizası üç dəfə keçirilə bilər. Belə olan halda hakimin üçüncü ekspertizanı da qəbul etməməsi qanunu kobud şəkildə pozması kimi qiymətləndirilir. "Baxmayaraq ki, hakim növbəti ekspertizanın rəsmən 3-cü olduğunu qeyd edir, lakin faktiki bu, 4-cü ekspertizadır" - deyə A.İsmayılov söyləyib.

Xəbər lenti

Xəbər lenti