Fevralın 27-də Bakıda qızılca və məxmərək kimi yoluxucu xəstəliklər əleyhinə milli immunlaşdırma kampaniyasına başlanılıb. Trend bildirir ki, bu barədə səhiyyə Nazirliyinin fevralın 27-də yaydığı məlumatda deyilir.
Statistik məlumata əsasən, 2002-2005-ci illərdə Azərbaycanda 10 mindən çox insan bu xəstəliklərə yoluxub. "Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionunda bu xəstəliklərə görə qeyri-sağlam ölkələrdən biri sayılır. Xəstələnmə hallarının 50%-dən çoxu 15 yaşdan yuxarı əhali arasında müşahidə olunur" -deyə sənəddə qeyd olunur.
Bununla əlaqədar olaraq 7-23 yaş (Bakıda 7-29 yaş) yaşlı əhali arasında kütləvi immunlaşdırma kampaniyasının keçirilməsi nəzərdə tutulub. Bu yaş qrupları arasında peyvəndlə əhatə səviyyəsi 95%-dən az olmamalıdır ki, bu da 2,5 mln.-dan artıq insanın peyvəndə cəlb olunması deməkdir.
Kampaniyaya texniki və maliyyə dəstəyini ÜST, Vişnevskaya-Rostropoviç Fondu, UNICEF və ABŞ-ın Xəstəliklərə nəzarət Mərkəzi (CDC) göstərir.
Ucqar rayonlar və gediş-gəliş çətin olan yaşayış məntəqələrində əhalinin peyvənd edilməsi məqsədilə xüsusi mobil briqadalar yaradılıb. Kampaniya martın 12-dək davam etdiriləcək.