...

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası bir sıra qərarlar çıxarıb

Cəmiyyət Materials 10 Mart 2006 12:38 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Trend in məlumatına görə, iclasda Komissiyaya daxil olmuş şikayətlərdən beşinə baxılıb, bir sıra qərarlar çıxarılıb. Qeyd edək ki, bu şikayətlərdən üçünün müəllifi rayon icra hakimiyyətləridir.

Komissiya Qızıl Aypara Cəmiyyətinin "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaycan" qəzetlərindən şikayətinə baxarkən həmin nəşrlərdə dərc olunmuş bir sıra yazılarla bağlı məhkəmə qərarının çıxarılmasını əsas gətirərək şikayətin müzakirəsini məqsədə müvafiq bilməyib. Ağdam Rayon İcra Hakimiyyətinin "Novoye vremya" qəzetinə qarşı şikayətinə baxarkən Mətbuat Şurası mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının rəyini əsas götürüb. Rəydə göstərilib ki, Ağdam RİH barədə "Novoye vremya"dan əvvəl də digər mətbu orqanlarda da oxşar motivli yazılar dərc olunub.

Komissiya Laçın RİH-in "Azadlıq və zaman" qəzetinə qarşı müraciətinə baxarkən şikayətçi tərəfin haqlı olduğu rəyinə gəlib. İclasda Kürdəmir RİH-nin "Alternativ" qəzetinə qarşı şikayətinin isə inzibati orqanlarda araşdırılması məqbul sayılıb. Komissiya üzvləri "Milli yol" qəzetində Dövlət Sularda Xilasetmə Xidmətinin təbliğat və təşkilat sektoru müdirindən müsahibə almadan onun adından fikirlər verilməsini jurnalistlərin peşə davranışı qaydalarının pozulması kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti