"İrəli" Ümumrespublika Gənclər Hərəkatı aprelin 3-də Kəlbəcər rayonunun işğalı ilə bağlı aksiya keçirib. Bu barədə Trend ə hərəkatın təsisçisi Fərhad Məmmədov bildirib.
Aksiya iştirakçıları Kəlbəcərin işğalı ilə bağlı məlumatları, hərəkatın bəyanatını və bir dəstə qızılgülü Azərbaycanda fəaliyyət göstərən səfirliklər və beynəlxalq təşkilatların mərkəzi ofislərinə təqdim ediblər. Gənclər eyni zamanda belə məlumatları şəhər ictimaiyyyətinə də paylayıblar.
Hərəkatın bəyanatında bildirilr ki, Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Səfirlik və beynəlxalq təşkilatlardan tələb olunur ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanın Kəlbəcər rayonundan öz hərbi qüvvəsini qeyd-şərtsiz çıxarması haqqında 1993-cü ilin aprelin 30-da qəbul etdiyi 822 saylı qətnaməsinin icrası istiqamətində fəallıq göstərsinlər.