...

Seçki saxtakarlığında təqsirləndirilən şəxslər cəzalandırılıb

Cəmiyyət Materials 3 Aprel 2006 17:02 (UTC +04:00)

6 noyabr 2005-ci ildə Azərbaycanda keçirilmiş parlament seçkilərində saxtakarlıq etməkdə təqsirləndirilərək həbs edilmiş Zahid Canayevin və Ziyadxan Budaqovun məhkəməsi yekunlaşıb və hər iki şəxs məhkəmə hökmü ilə cəzalandırılıb. Bu barədə Trend ə təqsirləndirilən şəxs Zahid Canayevin vəkili Nəsimi İsayev məlumat verib.

Hər iki şəxsin məhkəmə işi üzrə materiallar Bakı şəhəri Binəqədi rayon Məhkəməsində həmin məhkəmənin sədri Həsən Əliyevin icraatında olub.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 161.1 (seçki və ya ümumxalq səsverməsi sənədlərinin saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma) və 308.1-ci ( vəzifə səlahiyytələrindən sui-istifadə) maddələri ilə təqsirləndirilən Zahid Canayev 9 saylı 2-ci Binəqədi seçki dairəsi, dairə komissiyasının üzvü, Ziyadxan Budaqovsa 9 saylı 2-ci Binəqədi seçki dairəsinin 20 saylı məntəqə seçki komissiyasının sədri olub.

Zahid Canayev və Ziyadxan Budaqov öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək seçki protokollarında saxtakarlıqlar ediblər. Bununla da vətəndaşların seçki hüquqlarına, o cümlədən dövlətin qanunla qorunan mənafeyinə zərər vurublar. Hər iki şəxsin əməlində səsvermənin nəticələrinin düzgün hesablanmamasına dair cinayət tərkibi aşkar edilib. Qeyd edək ki, səsvermənin düzgün hesablanmaması nəticəsində həmin dairədə seçkilərin nəticələri etibarsız hesab olunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xəbər lenti

Xəbər lenti