Vatikanın dövlət əlaqələri üzrə arxiyepiskop katibi, monsenyor Covanni Layolonun Bakıya səfəri başlayıb. Roma katolik kilsəinin Azərbaycandakı nümayəndəsi Yan Çaplanın Trend ə verdiyi məlumata görə, onun səfər proqramı kifayət qədər zəngindir.
Monsenyorun bu günkü səfər proqramına Azərbaycanın eks-prezidenti Heydər Əliyevin məzarını ziyarət, Nizami rayonunun ərazisində tikilən və Tereza ana Şəfqət ordeni bacılarının çalışdıqları kasıblar üçün evin açılışında iştirak etmək daxildir. Monsenyor həm də Bakıdakı yeni katolik kilsəsinin tikiləcəyi yerə baş çəkəcək. İstirahət günü saat 12.30-da arxiyepiskop Bakı Roma-katolik kilsəsində dini mərasimdə iştirak edəcək.
Monsenyorun rəsmi görüşləri bazar ertəsi, mayın 22-nə təyin edilib.
Rəsmi görüşlər proqramına xarici işlər naziri Elmar Məmmədyarov, Azərbaycan prezidenti İlham Əliyev, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, milli məsələlər üzrə dövlət katibi Hidayət Orucov və Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüş daxildir.
Xatırladaq ki, Bakıda katoliklərin ümumi sayı 150 nəfərdir. Azərbaycan paytaxtında yaşayan xarici vətəndaşlar arasında da katoliklərin sayı bir o qədərdir.