...

YAP bir sıra media nümayəndələrini Milli Mətbuat günü münasibətilə mükafatlandırıb

Cəmiyyət Materials 21 İyul 2006 12:39 (UTC +04:00)

Milli Mətbuatın 131-ci ildönümü ilə bağlı iyulun 21-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında tədbir keçirilib. Trend xəbər verir ki, tədbirin keçirilməsində məqsəd mətbuat işçilərini peşə bayramları münasibətilə təbrik etmək olub.

Tədbiri açan YAP sədrinin müavini, icra katibi, millət vəkili Əli Əhmədov öncə bayram günü münasibətilə Azərbaycan mətbuat işçilərini təbrik edib. Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətindən danışan Ə.Əhmədov bildirib ki, mətbuat cəmiyyətin həyatında böyük rol oynayır: "Azərbaycan hökuməti mətbuatın demokratik prinsiplər üzərində inkişaf etməsi istiqamətində bütün imkanlardan istifadə edir. Ancaq bütün ölkələrdə olduğu kimi Azərbaycanda da bu sahədə müəyyən problemlər mövcuddur ki, bu da dövlətimizi narahat edir".

YAP rəsmisi qeyd edib ki, mətbuat sahəsində yaranan problemlərin aradan qaldırılmasını heç də dövlətin üzərinə yıxmaq olmaz: "Bu istiqamətdə hamı, xüsusən də mətbuat işçiləri çalışmalıdır". Ə.Əhmədov onu da vurğulayıb ki, Azərbaycanda söz və mətbuat azadlığının qorunması istiqamətində ümumilli lider Heydər Əliyev tərəfindən gərəkli addımlar atılıb: "Senzuranın ləğv olunması, mətbuatın maliyyə probleminin həll olunması istiqamətində atılan bütün addımlar Heydər Əliyevin adı ilə bağlıdır". Ə.Əhmədov mətbuat və cəmiyyət münasibətlərini tənzimlənməyən bəzi məqamların da qaldığını deyib.

Ə.Əhmədov bildirib ki, mətbuat işçilərinin həyatı peşələrinə görə hər bir ölkədə təhlükə qarşısındadır: "Azərbaycanda da bəzi mətbuat işçiləri təzyiqlərə məruz qalır. Hakim partiya olaraq biz bunu qətiyyətlə pisləyirik. Lakin bu təzyiqlərə siyasi don geydirmək olmaz. Bunların nədən qaynaqlandığını düzgün araşdırmaq lazımdır. Cəmiyyətin ayrı-ayrı zümrələrlə bəzi mətbuat işçiləri arasında olan kəskin münasibətlər belə təzyiqlərin yaranmasına gətirib çıxarır". YAP rəsmisi qeyd edib ki, mətbuatda əxlaqi mənəvi dəyərlər qorunmalıdır. Ə.Əhmədov bildirib ki, YAP-ın qapıları bütün media nümayəndələrinin üzünə açıqdır: "Bəzi məqamlara baxmayaraq partiyamız Azərbaycan mətbuatının ümumi fəaliyyətindən razıdır".

Daha sonra YAP ötən ilki ənənəsini davam etdirərək bu il də dəqiq və obyektiv mövqedən çıxış edən, söz və azadlıq prinsiplərinə sadiq qalan bir sıra media nümayəndələrini peşə bayramları münasibətilə mükafatlandırıb. Trend İnformasiya Agentliyinin adı da 25 mükafatçı sırasında olub.

Xəbər lenti

Xəbər lenti