...

Hacı Məmmədov: "Bizim bandanın törətdiyi bir sıra sui-qəsdlər və teraktlarla bağlı faktlar ittiham aktına salınmayıb"

Cəmiyyət Materials 23 Avqust 2006 18:44 (UTC +04:00)

Avqustun 23-də Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun dəstəsinin cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib. Trend xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Hacı Məmmədov başçılıq etdiyi bandanın törətdiyi bir sıra sui-qəsd və teraktlarla bağlı faktların ittiham aktına salınmadığını deyib.

Hacı Məmmədov bildirib ki, həmin əməlləri barədə hazırda Elmar Hüseynovun qətli ilə bağlı istintaqa verdiyi ifadələrində məlumatlar açıqlayıb. Lakin o, məhkəmə prosesində bu əməlləri barədə açıqlama verməyib.

Məhkəmə iclası zərərçəkənlərin H.Məmmədova sualları ilə davam edib. H.Məmmədovun dəstəsi tərəfindən 1995-ci ildə tamah məqsədi ilə oğurlanaraq qətlə yetirilmiş "Azərmebelsənaye"nin direktoru Nazim Paşayevin yaxın qohumu Aydın Nəcəfov təqsirləndirilən şəxsə bir sıra suallar verib. Soruşub ki, Nazim Paşayevi öldürdükdən sonra bir ay ərzində mütəmadi olaraq zəng edib onun qaytarılması üçün pul tələb etmələrinin səbəbi nə olub. H.Məmmədov cavabında bildirib ki, Nazim Paşayevi öldürmələrinə baxmayaraq, onun yaxınlarından külli miqdarda pul qopara biləcəklərini zənn edibilər. Buna görə də oğurladıqları şəxsləri öldürdüklərini gizlədiblər.

Digər zərərçəkənlər də adam oğurluğunun başında sifarişçi kimi kimlərin dayanması ilə maraqlanıblar. H.Məmmədov bildirib ki, oğurlanan şəxsləri bandanın ayrı-ayrı üzvləri nişan verib.

Məhkəmə prosesi avqustun 24-də davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti