2006-cı il sentyabrın 8-dən 10-dək Gəncə şəhərində Beynəlxalq Təsviri sənət festivalı keçiriləcək. Bu barədə Trend xəbər verir.
Festivalın təşkilatçısı - Bakı İncəsənət Mərkəzi, maliyyə dəstəyi - Azərbaycan Açıq Cəmiyyət İnstitutudur.Festivalda Türkiyə, İran, Rusiya, Qazaxıstan, Gürcüstan, eləcə də Azərbaycan rəssamları iştirak edəcəklər. Festivalın proqramına Gəncə rəssamlarının böyük sərgisi və bir sıra ənənəvi sərgilərin keçirilməsi daxildir. Festivalın proqramında habelə konseptual incəsənət layihələri böyük yer tutur.
Beləliklə, Gəncə sakinləri müasir Azərbaycan, yaxın və uzaq xaricin incəsənəti ilə tanış olmaq imkanı əldə edəcək. Həmçinin sərgidə konseptual incəsənətin müxtəlif formaları nümayiş etdiriləcək. Onlara installyasiya, video-art, lend-art və başqaları daxildir. Festivalın proqramına Azərbaycanın xalq və caz musiqi kollektivlərinin çıxışları daxil edilib.
Festival Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Gəncə şəhəri İcra Hakimiyyəti və Gəncə şəhərinin mədəniyyət və turizm şöbəsinin dəstəyi və iştirakı ilə keçirilir.