Gələn ilin yanvar ayında Belçikada "Azərbaycan mədəniyyəti günləri" keçiriləcək. Bu barədə Trend ə "Belçika-Azərbaycan Evi" cəmiyyətinin sədri Bülənt Gürcam məlumat verib.
O, bildirib ki, bu tədbir Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırılıb və yanvar ayının ikinci yarısında Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək. B.Gürcamın sözlərinə görə, Brüsselin mərkəzindəki "Elizabet" meydanında böyük çadır qurulacaq və orada 3 gün ərzində Azərbaycan mədəniyyətinə dair müxtəlif tədbirlər təşkil olunacaq. Uzunluğu 50 metr, eni 25 metr olan çadırda həm mədəniyyətmizin müxtəlif sahələrinə dair sərgilər təşkil olunacaq, həm milli mətbəximiz nümayiş etdiriləcək, həm də axşamlar konsert veriləcək.
"Çadırın bi hissəsində mədəniyyət sərgisi olacaq, digər bir hissəsində iqtisadi sərgi təşkil olunacaq. Azərbaycan iqtisadiyyatı ilə bağlı olan sərgiyə iş adamları tamaşa edəcək, Azərbaycan məhsulları ilə tanış olacaqlar. Azərbaycandan gedəcək musiqi qrupları, sənətçilərin axşamlar çıxışı olacaq, konsertdə onlar canlı musiqilər ifa edəcəklər. Həmçinin Azərbaycan milli mətbəxinin nümunələri bütün iştirakçılara təqdim olunacaq. Ümumiyyətlə, üç gün ərzində keçiiləcək tədbirlər, yəni çadır hamı üçün açıq olacaq"-deyə B.Gürcam məlumat verib.
Onun sözlərinə görə, sözügedən tədbirlərə azərbaycanlılarla bərabər, Belçikadakı xarici ölkə səfirliklərinin nümayəndələri, diplomatlar, başqa xalqların diasporları da cəlb olunacaq.
B.Gürcamın sözlərinə görə, Brüsseldə "Azərbaycan mədəniyyəti günləri" Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin maliyyə və təşkilati yardımları ilə keçiriləcək.