Noyabrın 17-də Azərbaycanın Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovla bağlı Budapeşt şəhərinin Peşt rayon Məhkəməsində keçiriləcək növbəti məhkəmə iclasını Azərbaycanın Macarıstandakı səfirliyinin nümayəndələri izləyəcəklər. Bu barədə Trend ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.
Məhkəmə iclasına hakim Tot Dyondoş sədrlik edəcək. R.Səfərovun hüquqlarını isə dövlət hesabına tutulmuş vəkil Klara Fişer müdafiə edəcək.
Qeyd edək ki, erməni zabiti Qurgen Markaryanın öldürülməsi faktı ilə əlaqədar R.Səfərov istintaq altında saxlanıldığı vaxt həbsxananın işçilərinə müqavimət göstərməkdə təqsirli bilinir. İttihama görə, 19 iyun 2004-cü il tarixdə həbsxana nəzarətçiləri Ramil Səfərovun kamerasına gələrək ondan telefon kartını tələb ediblər. Ramil Səfərov tələbi yerinə yetirməyib və nəticədə nəzarətçilər R.Səfərovun əllərini bağlamaq istəyərkən sonuncu onlara müqavimət göstərib.
Ötən məhkəmə iclaslarında ifadə verən Ramil Səfərov bildirib ki, nəzarətçilər ondan kartı macar dilində tələb ediblər. O isə həmin dili bilmədiyinə görə tələbə əməl etməyib. Bundan sonra 8 nəzarətçi onun əl-qolunu bağlayaraq fiziki zor tətbiq ediblər. Əvvəlcə Ramil Səfərov nəzarətçilərin hərəkətindən şikayət edib. Daha sonra qarşı tərəf də şikayət verib. Ramil Səfərovun şikayəti ilə bağlı cinayət işinə beş dəfə xitam verilsə də, qarşı tərəfin şikayəti dərhal icraata götürülüb.
Qeyd edək ki, Ramil Səfərov Q.Markaryanı qətlə yetirdiyinə görə aprelin 13-də ömürlük həbs cəzasına məhkum edilib. Bu, onun eyni dövlətin məhkəmə orqanı tərəfindən ikinci mühakiməsidir.
Məhkəmə iclası Bakı vaxtı ilə saat 12.00-da başlanacaq.