...

Nazim İbrahimov: "Hollandiyada yaşayan azərbaycanlıların iqtidarın siyasətini dəstəkləməsi mətbuatda yazılan yanlış məlumatlara cavab oldu"

Cəmiyyət Materials 20 Noyabr 2006 16:27 (UTC +04:00)

"Hollandiyada yaşayan azərbaycanlıların Benelüks Azərbaycanlıları Konqresinin təsis konfransına fəal şəkildə qatılmaları, Azərbaycan iqtidarının siyasi kursunu, müxtəlif sahələrdə həyata keçirdiyi islahatları dəstəkləmələri bizim üçün önəmli bir hadisə oldu. Çünki bu, Azərbaycan mətbuatında yazılan yanlış məlumatlara bir cavab oldu". Bu fikirləri Trend ə açıqlamasında Amsterdamda səfərdə olan Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

Qeyd edək ki, Komitə sədri ötən həftənin sonu Amsteramda keçirilən Benelüks Azərbaycanlıları Konqresinin təsis konfransında iştirak edib. N.İbrahimovun sözlərinə görə, müxalif düşüncəli insanların siyasi təzyiqlər üzündən Hollandiyaya getməsi, orada siyasi sığınacaq alması barədə zaman-zaman mətuatda yer almış məlumatlar özünü doğrultmur.

"Bəzən mətbuatda Hollandiyadakı azərbaycanlıların əksəriyyətinin guya iqtidarın təzyiqi ilə baş götürüb ora getmiş şəxslər olduğu yazılır. Benelüks Azərbaycanlıları Konqresinin təsis konfransında Hollandiyada yaşayan soydaşlarımızın fəal şəkildə qatılması belə yanlış məlumatlara onların özlərinin cavabı oldu. Bu ölkədə yaşayan azərbaycanlılar prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini bəyan edirdilər. Konqresin təsis konfransı bir daha sübut etdi ki, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar dövlətimizinin ətrafında sıx birləşiblər. Diaspor nümayəndələrimiz Azərbaycan dövlətinin daha da güclənməsi üçün əllərindən gələni etməyə hazır olduqlarını bəyan ediblər"-deyə N.İbrahimov qeyd edib.

N.İbrahimovun sözlərinə görə, Benelüks ölkələrində yaşayan azəraycanlıların Azərbaycan dövlətinin diaspor siyasətinin düzgün istiqamətdə getdiyini deyib, prezidentin diasporumuza diqqət göstərməsini yüksək qiymətləndiriblər.

Xəbər lenti

Xəbər lenti