...

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulu, ÜAK və Dövlət Komitəsinin nümayəndələri Rusiyada yaşayan azərbaycanlılarla görüşlər keçirəcəklər

Cəmiyyət Materials 12 Yanvar 2007 12:19 (UTC +04:00)

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulu, Ümurusiya Azərbaycanlıları Konqresinin, Sankt-Peterburqdakı Azərbaycan diasporunun və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin təmsilçilərindən ibarət nümayəndə heyəti Rusiyada azərbaycanlılar yaşayan vilayətlərə birgə səfər edəcəklər. Bu barədə Trend ə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulu Qüdsi Osmanov məlumat verib.

O bildirib ki, Baş Konsulluğun təşəbbüsü ilə 15 nəfər tələbə həm Sankt-Pererburqun özündə, həm də regionlarda soydaşlarımıza qeydiyyata düşmələri ilə bağlı hüquqi yardımlar göstərəcəklər. Q.Osmanovun sözlərinə görə, iki həftdən artıqdır ki, Baş Konsulluğun təşəbbüsü ilə hüquqşünaslar Sankt-Peterburq bazarlarında çalışan azərbaycanlılarla görüşlər keçirir və onlara məsləhətlər verir, pulsuz hüquqi yardımlar göstərir.

Baş Konsul onu da deyib ki, bu ay ərzində Rusiyanın Kalininqrad və Voloqodsk vilayətlərinə səfər edəcək. Fevral ayında isə Kareliya vilayətinə səfəri olacaq. Onun sözlərinə görə, bu vilayətlərdə 10 mindən 35 minə qədər azərbaycanlı yaşayır. Onların bir qismi Rusiya vətəndaşlarıdır, böyük bir hissəsi isə qeydiyyatsız yaşayır: "Bu səfərlərdə soydaşlarımızla görüşlər keçirəcəyik. Bütün görüşlərimizdə onlara pasport, arayış, qeydiyyata düşməklə bağlı hüquqi məsləhətlər, tövsiyələr veriləcək. Ümumiyyətlə, yaxın iki ay ərzinə şimal-şərq federal dairəsinə daxil olan bütün vilayətlərə səfər edəcəyik. Mənimlə bərabər heyətə Moskvadan Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva şəhər təşkilatının rəhbəri, Sankt-Peterburqdan Azərbaycan diasporunun, Azərbaycandan isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi də daxil olacaq".

Q.Osmanovun sözlərinə görə, bu görüşlər Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının problemlərinin həlli məqsədilə prezident İlham Əliyevin verdiyi sərəncamla bağlıdır: "Görüşlər əvvəlcə diaspor nümayəndələri ilə keçirilir. Onların problemlərini öyrəndikdən sonra, rəsmi şəxslərlə görüşüb bu məsələləri onların diqqətinə çatdırırıq. Sonra isə ikitərəfli əlaqələr, dövlətlərarası münasibətlərlə bağlı məsələlər müzakirə olunur. Əgər biz ikitərəfli əlaqələrdən danışırıqsa, hökmən öz soydaşlarımızın yaşayışının yaxşılaşdırılması, problemlərinin aradan qaldırılması məsələsi diqqət mərkəzində saxlanılır"-deyə Baş Konsul qeyd edib.

Xəbər lenti

Xəbər lenti