...

Monitorinq:Azərbaycanda fəaliyyət göstərən 80 faiz müəssisə və təşkilatlarda əmək qanunvericiliyi tətbiq olunmur

Cəmiyyət Materials 15 Mart 2007 11:55 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend K.Zərbalıyeva/Əmək Hüquqlarının Müdafiəsi Liqasının respublikada əmək hüquqları ilə bağlı apardığı monitorinq yekunlaşıb. Liqanın sədri Sahib Məmmədov bildirib ki, monitorinqin yekunları ilə bağlı hesabat hazırlanıb. Monitorinq zamanı respublikada fəaliyyət göstərən 80 faiz müəssisə və təşkilatlarda əmək qanunvericiliyinin ümumiyyətlə, tətbiq olunmadığı aşkarlanıb:"Əmək qanunvericiliyi tətbiq olunan müəssisələr isə dövlət büdcəsindən maliyyələşən təşkilatlardır. Bu təşkilatlarda qanunvericilik ya tam tətbiq olunur, ya da qismən". S.Məmmədovun sözlərinə görə, əmək qanunvericiliyinin pozulması əksər hallarda işçilərlə əmək müqavilələrinin bağlanmaması və ya qanunvericiliyin tələbləri pozulmaqla bağlanması, əmək və sağlamlığın mühafizəsinin, texniki təhlükəsizlik qaydalarının pozulması ilə bağlıdır. S. Məmmədov bildirib ki, monitorinqin nəticələri əsasında hökumətə təkliflər hazırlanıb: "Hesab edirik ki, əmək qanunvericiliyi ya dəyişdirilməli, ya da yenidən işlənməlidir. Əmək Məcəlləsinə yeni fəsil və bölmələrin əlavə olunmasına ehtiyac var. Belə ki, qeyri-hökumət təşkilatları kütləvi informasiya vasitələri və humanitar təşkilatlarda əmək münasibətlərinin tənzimlənməsi qanunvericilikdə açıq qalır. Bu sahələr üzrə münasibətləri tənzimləmək üçün yeni dəyişikliklərə ehtiyac var".

Xəbər lenti

Xəbər lenti