...

Naxçıvanda azyaşlıların əməyindən istifadə halları ilə bağlı reydlərə başlanılıb

Cəmiyyət Materials 4 Aprel 2007 11:36 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend müxbir C.Qurbanoğlu/ Naxçıvan MR-in Dövlət Əmək Müfəttişliyinə (DƏM) son üç ayda 10 ərizə daxil olub. DƏM-dən bildiriblər ki, Naxçıvan şəhərini əhatə edən iki müraciət qanunsuz işdən azad olma, beşi əmək haqlarının ödənilməsinin gecikməsi, üç müraciət isə sosial müavinətlərin artırılması ilə bağlı olub. Müraciətlər araşdırılaraq vətəndaşların hüquqları Əmək Məcəlləsinə uyğun təmin edilib.

Yanvar-mart aylarında şəhər ərazisində 180 obyektdə araşdırma aparılıb və 300-dən artıq əmək müqavilələrinin bağlanması təmin olunub. Reydlər əsasən şəhərin mərkəzi küçə və prospektlərində yerləşən obyektlərdə aparılıb. Müfəttişlik tərəfindən obyektlərdə əmək haqqlarının ştat cədvəlləri üzrə ödənilməsi də təmin edilib. 13 halda protokol tərtib olunub və əmək hüquqlarını pozan şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunub.

Hesabat dövründə DƏM tərəfindən istehsalatda baş verən bir hadisə qeydə alınıb və təhqiq olunub. Babək rayon Elektrik Şəbəkəsində baş verən qəzanın istehsalat xarakterli olması müəyyənləşdirilib.

Müfəttişlikdən onu da bildiriblər ki, azyaşlıların əməyindən istifadə halları ilə bağlı reydlərə başlanılıb.

Xəbər lenti

Xəbər lenti