...

Hərbçi yoldaşını döyən əsgər cəzalandırılıb

Cəmiyyət Materials 20 Aprel 2007 17:01 (UTC +04:00)

Bakı, 20 aprel /müx. TrendLife E.Cavadova /Aprelin 20-də Ağır Cinayətlərə Dair İşlər üzrə hərbi Məhkəmədə hakim İmran Həsənovun sədrliyi ilə 2005-ci ilin oktyabr ayında Şəmkir rayon Hərbi Komissarlığı tərəfindən müddətli hərbi xidmətə çağırılmış və Müdafiə Nazirliyinin Füzulidəki N saylı hərbi hissəsində qulluq etmiş Röyal Əliyevin məhkəməsi başa çatıb. Qeyd edək ki, Röyal Əliyev Cinayət Məcəlləsinin 332.3-cü (tabelik münasibətləri olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi ilə ittiham olunurdu. Məhkəmə yolu ilə müəyyən edilib ki, Röyal Əliyev 2006-cı ilin oktyabrında mübahisə zəminində əsgər yoldaşı Vasif Qəribovu şirə içkisi şüşəsiylə vuraraq ona başından xəsarət yetirib.

Röyal Əliyev məhkəmə ifadəsində göstərib ki, ötən il noyabrın 18-də əsgər yeməkxanasında təmizlik işləri apararkən gənc əsgər Cəlal Bayramova "gəl, stolların üstünü təmizlə, qab-qaşıqları yığışdır" deyə əmr edib. Lakin gənc əsgər yerindən tərpənməyib. Onun bu "saymazyanalığı" "ded"i hövsələdən çıxarıb və o, səsini qaldırmaqla tələbini bir neçə dəfə təkrarlayıb. Səhnəni kənardan seyr edən digər əsgər Vasif Qəribov ona yaxınlaşaraq əsgərdən əl çəkməsini təklif edib. Təqsirləndirilən şəxsin ifadəsindən: "Vasif Cəlalın yanında dayanmışdı. Mən Cəlala qışqıranda Vasif yaxınlaşıb mənə dedi ki, batareya komandirinin göstərişi var ki, gənc əsgərləri işlətmək olmaz. Mənsə Vasifə acıqlandım, dedim ki, sənlik deyil, keç dayan kənarda, prinsipə durub mən onu işlədəcəyəm. Vasif isə mənim dediklərimə məhəl qoymayaraq Cəlalın qolundan yapışıb kənara çəkdi və yeməkxanadan çıxmasını tələb etdi. Bu, məni daha da qəzəbləndirdi, mən stolun üstündə olan "Aroma" şüşəsini götürərək Vasifə "butulkanı başına keçirdərəm, sənə dedim ki, sən qarışma" dedim. Vasif də məni təhqiredici söyüşlərlə söyməyə başladı. Təhqirlərə dözməyib şüşəni onun başına çırpdım. Səs-küyə batareya komandiri gəldi və Vasifi hərbi hissənin tibb məntəqəsinə apardı".

Qeyd edək ki, zərərçəkmiş Vasif Qəribov, şahid Cəlal Bayramov və digər şahidlər də eyni məzmunlu ifadələr veriblər. Məhkəmə işin bütün hallarını araşdırandan sonra öz hökmünü elan edib. Bu hökmlə Röyal Əliyev 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Onu da bildirək ki, məhkəmə Fizuli rayon hərbi prokurorluğunda istintaq aparılarkən Vasif Qəribovun xəsarətləri ilə bağlı ekspertiza rəyi vermiş ekspert haqqında xüsusi qərar çıxardıb. Məhkəmə hesab edib ki, ekspert bilərəkdən xəsarətlərin həyat üçün təhlükəli olması barədə rəy verməklə təqsirləndirilən şəxsin məsuliyyətini artırmaq məqsədi güdüb. Məhkəmə zamanı təyin olunmuş ekspertiza zamanı müəyyən edilib ki, zərərçəkmişə yetirilmiş xəsarətlər həyat üçün təhlükəli deyilmiş, hətta bu xəsarətlərin izləri belə qalmayıb.

Xəbər lenti

Xəbər lenti