...

Yuxarı sinif şagirdləri dərsdən yayınır

Cəmiyyət Materials 27 Aprel 2007 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı, /müx. "TrendLife" F.Sadıxov

Təhsil Nazirliyinin orta məktəblərdə apardığı reyd zamanı qeyri-qənaətbəxş faktlar aşkarlanıb. Məlum olub ki, orta məktəblərin yuxarı siniflərində şagirdlərin dərsə davamiyyəti xeyli aşağıdır. Bu barədə "TrendLife"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Araşdırmaların nəticələrinə görə, dərsdən yayınan yuxarı sinif şagirdləri ya fərdi müəllim (repititor) yanına, ya da ali məktəbə hazırlıq kurslarına gedirlər. Qeyd edək ki, son illər pedoqoji işçilər arasında repititorluq fəaliyyəti, şagirdlərin isə fərdi müəllimlərlə hazırlığa meyli güclənib. İndi əksər valideynlərdə belə bir fikir formalaşıb ki, dərsdənkənar hazırlıq olmadan övladının ali məktəbə qəbulu mümkün deyil. Buna görə də övladını gələcəkdə ali məktəb tələbəsi kimi görmək arzusu ilə yaşayan bir çox valideyn artıq 9-cu sinifdən onu fərdi müəllim yanına göndərir.

Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinın fərdi müəllimlik fəaliyyətilə bağlı apardığı araşdırmanın nəticəsinə əsasən, Azərbaycan repititorluğun dərəcəsinə görə MDB ölkələri arasında öndə gedir. Bəlli olub ki, bu gün Azərbaycandakı ümumtəhsil məktəblərin 9-11-ci siniflərində oxuyan şagirdlərin 83 faizi fərdi müəllim yanına gedir. Ali məktəblərin 1-ci kursunda oxuyan tələbələrin 90 faizi də sorğu zamanı repititor yanında hazırlaşdıqlarını etiraf edirblər. İl ərzində bir şagirdin repetitora xərclədiyi pula gəldikdə isə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin ekspertləri bunun orta hesabla 450 ABŞ dolları həcmində olduğunu bildirirlər. Lakin bu rəqəm şagirdin təhsil aldığı məktəbin mərkəz və mərkəzdən kənarda yerləşməsinə müvafiq olaraq dəyişə bilər. Mərkəzin apardığı sorğu zamanı o da bəlli olub ki, müəllimlərin heç biri repititorluq fəaliyyətinə görə dövlətə vergi ödəmirlər.

Təhsil Nazirliyinin araşdırmalarına görə, ali məktəblərə hazırlıq kurslarının da orta məktəblərin son siniflərində oxuyan şagirdlərin dərsdən yayınmasında rolu az deyil. Məlum olub ki, bəzi məktəblərdə 10-11-ci siniflərdə oxuyan şagirdlər saxta həkim arayışı gətirməklə səhhətlərində problem olduğunu idda edərək dərsdən yayınır, hazırlıq kurslarında iştirak edirlər.

Təhsil Nazirliyi mətbuat xidmətindən bildirilib ki, nazir Misir Mərdanov məktəb direktorlarına şagirdlərin dərsə davamiyyətinin yaxşılaşdırılması üçün ciddi tədbir görmək tapşırığı verib.

Repititorluq edən müəllimlərin özləri isə onları qınayanlarla razı deyillər və bildirirlər ki, maaşları aşağı olduğundan fərdi hazırlıqlarla məşğul olmağa məcburdurlar.

Valideynlərin sözlərinə görə, bəzi məktəblərin şagirdləri dərsdənkənar hazırlıqla qrup şəkilində elə oxuduqları təhsil müəssisələrində də məşğul ola bilirlər. Sözsüz ki, həmin şagirdlərlə məşğul olan repititorların fəaliyyətinə məktəb direktorları tərəfindən icazə verilir. Təbii ki, bu zaman direktorlar maddi marağı üstün tuturlar. Yəni, repititorluq edən müəllimlər validyenlərdən aldıqları pulun bir hissəsini direktorlara verirlər. "TrendLife"ın araşdırmaları göstərib ki, dərsdən yayınan bəzi şagirdlərin valideynləri direktora hansısa məbləği ödəməklə övladını məktəbə deyil hazırlıq kursuna da göndərə bilir.

Xəbər lenti

Xəbər lenti