...

Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri 3 saylı İstintaq Təcridxanasında monitorinq keçirib

Cəmiyyət Materials 17 May 2007 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir, K. Zərbaliyeva/ Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında monitorinq keçirib. Behbudov cümə axşamı Trend ə bildirib ki, Komitəyə daxil olan şikayətlərlə bağlı təcridxanada saxlanılan 11 nəfər şəxslə görüşüb, onların saxlanma şəraiti, şikayətləri ilə maraqlanıb. Həmin şəxslər saxlanma şəraitindən şikayətçi olmayıblar. Saxlanılan şəxslər istintaqın qərəzli aparılmasından, polis şöbələrinin müvəqqəti saxlanma yerlərində işgəncələrə məruz qalmalarından şikayət ediblər. Müşfiq Bayramov, Elçin Məmmədov, Rəşad Sadıqov, Qeybulla Məmmədov və digəriləri Əzizbəyov, Binəqədi, Quba, Xətai rayon polis idarələrində işgəncələrə məruz qaldıqlarını, istintaqın qərəzli aparıldığını qeyd ediblər.

Behbudovun Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin və sabiq səhiyyə naziri Əli İnsanovun Hüqularını Müdafiə Komitəsinin sədri Rizvan Talıbovla görüşü baş tutmayıb. Belə ki, Talıbov müəyyən istintaq hərəkətlərinin aparılması üçün Sumqayıta aparılıb və hazırda Polis İdarəsinin müvəqqəti saxlanma məntəqəsində saxlanılır.

Komitə sədri işgəncələrlə bağlı ona verilən məlumatlarla əlaqədar daxili işlər naziri Ramil Usubova müraciət edəcək.

Behbudov sabah Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında, şənbə günü isə Bayıldakı 1 saylı İstintaq Təcridxanasında monitorinq keçirəcək. O, sabiq nazirlər Fərhad Əliyev, Əli İnsanov, "Gündəlik Azərbaycan" qəzetinin baş redaktoru Eynulla Fətullayev və "Tolışi Sədo" qəzetinin baş redaktoru Novruzəli Məmmədovla görüşəcək.

Xəbər lenti

Xəbər lenti