Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Mətbuat Şurası həbsdə olan jurnalistlərin azadlığa buraxılması xahişi ilə dövlət başçısına müraciət edə bilər. Bu barədə bazar ertəsi Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açıqlama verib.
Onun sözlərinə görə, həbsdə olan bütün jurnalistlərin barəsində məlumatlar Şura adından Prezident Aparatına təqdim olunub. Mətbuat Şurasında həmçinin təklif edilir ki, həbsdə olan jurnalistlərin əfv olunması və ya Amnistiyaya düşməsi üçün dövlət başçısına müraciət edilsin.
"Hazırda Mətbuat Şurasında həbs edilmiş jurnalistlərin işləri diqqətlə öyrənilir, sənədləri araşdırılır. Şuranın növbəti iclasında bu məsələ bir daha müzakirə olunacaq. Ola bilər ki, Mətbuat Şurası adından dövlət başçısına müraciət hazırlansın" - deyə Amaşov bildirib. O, bundan əvvəl Şuranın belə müraciətləri əsasında bir neçə jurnalistin azadlığa buraxıldığını xatırladıb.
Qeyd edək ki, mətbuat nümayəndələrinin həbsinə, qəzetlərə qarşı təzyiqlərə etiraz olaraq jurnalistlər hər həftə piket keçirir, həmçinin iyunun 12-də yürüş-mitinq keçirməyi qərara alıblar. Kütləvi etiraz aksiyalarının təşkili ilə bağlı mövqeyini açıqlayan Amaşov qeyd edib ki, bu üsullar problemin həllində rol oynamır: "Mən jurnalistlərin küçə yürüşləri keçirməsini təqdir etmirəm. Doğrudur, mətbuatın çox ciddi problemləri var, 5-dən çox jurnalist hazırda həbsdədir, bir sıra qəzetlər məhkəmələr tərəfindən cərimələnib, bəzi jurnalistlər fiziki təzyiqlərlə üzləşiblər. Hesab edirəm ki, bütün bu problemlərin həllinə hakimiyyət-mətbuat danışıqları müstəvisində nail olmaq mümkündür" - deyə Mətbuat Şurasının sədri vurğulayıb.
Amaşov onu da deyib ki, yazılarına görə jurnalistlərin həbs edilməsi Azərbaycanın beynəlxalq aləmdə imicinə zərbə vurur.