...

Cavan aparıcılar yarıçılpaq vəziyyətdə ayaqlarını üst-üstə aşırıb veriliş aparırlar

Cəmiyyət Materials 1 İyun 2007 19:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyun /müx.TrendLife Saleh Salahzadə/Müsahibimiz Azərbaycan Respulikasının Xalq Artisti, Beynəlxalq Radio və Televiziya Akademiyasının həqiqi üzvü, Prezidentin Fərdi Təqaüdçüsü, uzun illər dövlət televiziyasının bədii rəhbəri vəzifəsində çalışmış, "Mir" Dövlətlərarası Teleradio Verilişləri Şirkətinin Azərbaycan təmsilçiliyinin ilk direktoru, "Sara" televiziyasının icraçı direktoru, Moskvada fəaliyyət göstərən "İnterAz" televiziyasının vitse-prezidenti Vasif Hacıağa oğlu Babayevdir.

- "İnterAz" telekanalında fəaliyyət göstərən Vasif Babayev çoxdandır Bakıdadır. Bunun səbəbini nə ilə izah etmək olar?

- Etiraf etməliyəm ki, Rusiya kimi bir ölkədə Azərbaycan kanalı açmaq nəinki çətin, hətta qeyri-mümkün bir iş idi. Nə qazaxların, nə özbəklərin, nə belarusların, nə ukraynalıların, nə gürcülərin, nə ermənilərin Rusiyada belə bir kanalı yoxdur. "İnterAz" kanalını vaxtilə yerli televiziyalarda çalışmış, sonralar Rusiyada məskunlaşmış həmyerlimiz Saleh Xudiyev təsis edib. Əslində bu bir qəhrəmanlıqdır. Bu kanala Moskva və Moskva ətrafında yaşayan azərbaycanlılarla yanaşı ruslar, yəhudilər, ləzgilər, digər Qafqaz xalqları, hətta Bakıdan, Azərbaycandan köçmüş ermənilər belə abunə yazılıblar. Kanalda Qarabağ mövzusunda, Moskva və onun ətrafında yaşayan azərbaycanlılar haqqında kifayət qədər televerilişlər və proqramlar hazırlanır. Lakin hazırda qlobal problem səviyyəsinə yüksəlmiş maliyyə çatışmazlığı kanala Azərbaycanı layiqincə təbliğ etməyə imkan vermir. Maliyyə problemi və kadrların axını televiziyanın başlıca problemləridir. Bu və digər səbəblər üzündən mən 1 il əvvəl Bakıya qayıtmalı oldum.

1988-ci ilin məlum münaqişələrinin başlanğıc dövründən indiyədək Rusiyanın Azərbaycanı informasiya blokadasında saxladığı söylənilir. Ancaq "İnterAz" TV ilə yanaşı təkcə Moskvada Azərbaycan diasporuna aid 6-7 mətbu orqan, qəzet və jurnal nəşr olunur. Hesab edirəm ki, Moskvada fəaliyyət göstərən Azərbaycan oliqarxları, iş adamları, Ümumrusiya Azərbaycanlıları Konqresi, Moskva Azərbaycanlılarının Milli Muxtariyyəti (AZERROSS) elektron və kütləvi informasiya vasitələrinin problemlərinə ciddi yanaşmalı və onlara yaxından kömək etməlidir. Maliyyə imkanlarına malik bu təşkilatların ölkəmizin mənafeyinə uyğun təbliğat aparan elektron kütləvi informasiya vasitələrinə laqeydliyini və biganəliyini necə qiymətləndirmək olar?

- Ölkəmizdə fəaliyyət göstərən televiziyalar haqda nə deyə bilərsiniz?

- Azərbaycanda və xüsusən də Bakıda fəaliyyət göstərən televiziya kanallarına qiymət vermək və onlar barədə fikir yürütmək çox çətindir. Televiziyadan az-çox anlayışı olan hər kəs belə bir məsuliyyəti öz üzərinə götürməz. Mən yalnız bu barədə öz subyektiv qeydlərimi edə bilərəm.

Bildiyiniz kimi, bütün televiziyalarda SƏHƏR proqramları var. Bu proqramlar məzmunca biri-birindən fərqlənsə də, hamısı formaca eynidir. Hətta bütün proqramların oğlan və qız aparıcılarının əksəriyyəti, demək olar ki, eyni yaşda olan gənclərdir.

- Onların peşə xüsusiyyətləri barədə nə deyə bilərsiniz?

- Maksimum 25-30 yaşlı bu gənclər hər şeydən çox öz açıq-saçıq geyimlərini, istifadə etdikləri aksessuarları nümayiş etdirməklə proqrama dəvət etdikləri qonaqları və tamaşaçıları çaş-baş salırıar. Adətən özlərindən yaşca böyük olan qonaqlarla səviyyəsiz söhbətlər edirlər. Təsəvvür edin, səhər televizoru açanda görürsən ki, gənc oğlan və qız aparıcıları hörmətli, alicənab, elm və sənət xadimilərini, iş adamları və siyasətçiləri söhbətə tuturlar. Sağda və solda əyləşmiş aparıcılar qonağa sualları elə verirlər ki, o, çaş-baş qalır, bilmir üzünü hansı səmtə çevirsin, kimə cavab versin?! İşin etik tərəfinə gəlincə isə, adətən bu gənclər yarıçılpaq vəziyyətdə, ayağı ayağının üstündə, həmsöhbətləri olan yaşlı adamlara, tamaşaçılara etinazıs yanaşaraq proqram aparırlar. Məsləhət görərdim ki, bu proqramları hazırlayanlar bir az diqqətli olsunlar.

Niyə bu proqramları yaşlı nəslin nümayəndələri aparmasınlar?! Axı bu proqram təkcə gənclər çün deyil, hamı üçündür.

- Sizcə, teleaparıcı hansi keyfiyyətlərə malik olmalıdır?

- Zənnimcə, proqram aparıcısı incəsənət, mədəniyyət carçısı olmalıdır. Qonaqlarla ünsüyyət yaratmağı, lazım gələrsə, onların qəlbinə belə yol tapmağı bacarmalıdır. Söhbətin ekspressiv gücünü, minor və major əhvalını, ovqatını yaratmalıdır.

- Səhər proqramlarından ən çox xoşladığınız veriliş ?

- Səhər proqramlarından İctimai Televiziyanın "Ovqat" və "Space" kanalının sənət adamlarının ad günlərinə həsr edilmiş musiqili-əyləncəli verlişləri daha çox ürəyimə yatır və məncə, bu proqramlar tamaşaçılarda da xoş təəssürat oyadır.

- Sizcə, televiziyada əsas fiqur kimdir?

- Dövlət Teleradio Verilişləri Şirkətində çalışdığım uzun müddət ərzində 9 sədr dəyişib. Demək olar ki, hər dəfə də bu məsul vəzifə kənardan gətirilən qeyri-peşəkarlara həvalə edilib. Sıravi mühazirəçilər və pedaqoqlar, ambisioz şairlər və siyasətçilər, filosoflar və dilçilər olub aralarında. Bax, bu adamların bəzilərinin birgə səyi nəticəsində onilliklər boyunca ərsəyə gətirilən unikal struktur, unikal qurum nasaz edilib. Televiziyanı quran da, dağıdan da elə onun rəhbəridir. Böyük təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Azərbaycan efir məkanında tanıdığım ən yaxşı telekompaniya rəhbəri Elşad Quliyevdir.

- Mövcud telekanalların vəziyyətini necə dəyərləndirirsiniz?

- Bu gün Bakıda 6, Sumqayıtda, Şəkidə, Qubada, Gəncədə, Lənkaranda, Zaqatala və digər bölgələrdə yerli teleradio kanalları fəaliyyət göstərir. Yaxın gələcəkdə bunların artması ehtimalı da istisna deyil. Bu halda təbii ki, televiziya işçiləri ordusuna böyük ehtiyac, tələbat duyulacaq. Bax, elə bu məqamda da kadrların harada və necə hazırlanması məsələsi meydana çıxır.

- Təklifiniz nədir ?

- Maraqlıdır, Azərbaycanı Dövlət Mədəniyyət və İncəsənət Universiteti kadrları hansı nəzəriyyə, hansı konsepsiya və hansı texniki baza ilə hazırlayır?! Moskvadakı Kinemotoqrafiya və Sankt-Peterburqda TV və Kino İnstitutunu bitirən ssenarist, rejissor, operator, rəssam dərhal böyük kinoya vəsiqə alır. Azərbaycan İncəsənət və Mədəniyyət Universitetini bitirən məzunlar isə bir müddət iş axtarası olurlar. Hətta sonralar işlədiyi vaxt bir müddət müstəqil yaradıcılıq proseslərində iştirak etmək üçün çətinliklərlə üzləşirlər.

- Çıxış yolunu nədə görürsünüz ?

- Hələ SSRİ dövründə Moskvada və Leninqradda ali təhsil ocaqları ilə yanaşı, radio və televiziya mütəxəssislərinin xüsusu hazırlıq kursları da fəaliyyət göstərirdi. Mən özüm də bu kursları bitirmişəm. Odur ki, respublikamızda teleradio sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün ali kursların və ya ixtisaslaşdırılmış teleradio institutunun yaradılmasına ehtiyac var.

- Tanıdığımız Vasif Babayevin Azərbaycan televiziya-kino salnaməsinin yaradılmasında xüsusi çəkisi var. Bu günkü tariximizin lentə alınması işi sizi qane edirmi?

- Sağ olsun hörmətli prezidentimiz İlham Əliyev cənablarını. Bu gün o, nəinki televiziyanın, kinonun, eləcə də bütövlükdə mədəniyyətimizin inkişafı ilə bağlı bir çox sərəncamlar, fərmanlar imzalayıb, kinoya və televiziyaya xeyli vəsait ayırıb. Salnaməçilərimizin problemlərindən ən başlıcası filmlərin çoxunun videoformatda çəkilməsidir. Videolenti isə uzun illər boyu saxlamaq olmur.

- Belə çıxır ki, Azərbaycanda kinolentlərdən imtina edilib?

- Belə deməzdim. "Azərbaycanfilm" kinostudiyası məhsullarının əksəriyyəti 35 mm-lik kinolentə çəkilir. Söhbət televiziya xronikasından gedir. Bildiyiniz kimi, görkəmli tarixi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı 1969-cu ildən bəri çəkdiyim filimlərin əksəriyyəti 35 mm-lik dünya kinoformatındadır. Bu kadrlar uzun illərdir ki, bütün telekanallarda uğurla nümayiş etdirilir.

- Bir mütəxəssis kimi müasir Azərbaycan televiziyasını necə görmək istərdiniz?

- Hər bir televiziya informasiya, maarifçilik və əyləncədən ibarət olan üç təməl prinsipinə əməl etməlidir. Mən intellektual televiziyanın tərəfdarıyam.

Xəbər lenti

Xəbər lenti