...

Azərbaycanda doğuş zamanı ana ölümünün sayı artıb

Cəmiyyət Materials 9 İyul 2007 13:40 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Azərbaycanda doğuş zamanı ana ölümünün sayı ötən illərə nisbətən artıb. Bu barədə bazar ertəsi Ailə planlaşdırılması və reproduktiv sağlamlıq üzrə Milli Ofisin Gəncədə "Antenatal və perinatal xidmətin əsasları" mövzusunda keçirilən üç günlük seminar-treninqində respublika Mamalıq və Ginekologiya Elmi Tədqiqat İnstitutunun direktoru Faizə Əliyeva məlumat verib. Onun sözlərinə görə, 2005-ci ildə ana ölümü hər 100.000 nəfərə 33 nəfər düşürdüsə, 2006-cı ildə bu rəqəm 40-a çatıb. Əliyeva bildirib ki, bu ilin beş ayında isə ana ölümü hər 100.000 nəfərə 19 olub.

Əliyeva doğuş zamanı ana ölümünün artmasının əsas səbəbini hamiləliyin ilk dövründən nəzarətin zəif olması ilə izah edib. O bildirib ki, qadınlar hamiləlik dövründə ərazilərində olan qadın məsləhətxanalarına müraciət etmirlər.

"Keçirilən monitorinqlər onu deməyə əsas verir ki, əksər hallarda hamilə qadınlar məsləhətxanalarda qeydiyyatdan imtina edirlər. Bu, bir çox şəhər və rayonlarda spesifik problemdir. Onlar qanuni qeydiyyata düşmür, hansısa klinikalarda şəxsi həkimlərdə müayinədən keçirlər" - deyə institut direktoru əlavə edib.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti