...

Müğənni Namiq Qaraçuxurlu: "Mənimlə Aygün xanım arasında sevgi var"

Cəmiyyət Materials 14 Avqust 2007 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust / "TrendLife" müxbir S. Bayramlı/ Tanınmış müğənnin şəxsi həyatı həmişə hər kəsi maraqlandırır. Əgər həmin insanın şəxsi həyatı tanınmış bir insanla bağlıdırsa bu iki qat maraqlı olur. Müxtəlif suallarla "TrendLife" Namiq Qaraçuxurluya müraiət etdi.

-Namiq Qaraçuxurlu nə işlə məşğuldur?

-Artıq yeddi ildir ki, yaradıcılıqla məşğul oluram. Əlbətdə ki, həm də şəxsi həyatımla və gələcək planlarımla məşğul oluram.

-Bəs şəxsi həyatınızda işlər necədir?

-Elə insanlar var ki, mən onlara kömək edirəm. Özümlə məşğul olmağa vaxtım yoxdur.

-Sənə elə gəlmir ki, son vaxtlar meyxanaçı kimi çox az çıxış edirsən?

-Haqlısınız. Bu onunla əlaqədardır ki, son vaxtlar lirik mahnılar ifa edirəm. Başa düşdüm ki, mənim bu günkü yaradıcılığım insanların çox xoşuna gəlir. Əgər zamanı geri çəksəydilər məni meyxanaçı kimi tanıyardılar. Hər şey zamanın tələbinə uyğundur.

-Deməli indi səni müğənni Namiq Qaraçuxurlu kimi təqdim etmək olar?

-İstəsəm də istəməsəm də məni meyxanaçı kimi tanıyırlar. İstərdim ki, məni sadəcə Namiq Qaraçuxurlu kimi təqdim etsinlər.

-Bəziləri hesab edirlər ki, sən hazırlıqsız meyxana deyə bilmirsən. Məhz buna görə də həmişə həmkarların arasında narazılıq olur .

-Bilirsiniz, mən artıq səviyyəmi göstərmişəm. Nəyə layiq olduğumu da hər kəs bilir. Kimlər hesab edirlər ki, mən meyxana deyə bilmirəm onlar həmişə də o cür hesab edəcəklər. Qaldı ki, mənim digər həmkarlarımla narazılığıma - ikiüzlülüyü sevmirəm. Onların bəziləri isə üzdə bir söz deyirlər arxada isə başqa söz. Hər şey mənim "Rəvayət" klipim çıxdıqdan sonra dəyişdi. Onda da hər kəs öz fikrini söyləməyə başladı.

-Uzun sözün qısası - sadəcə paxıllıq.

-Əlbətdə. Mən bu vəziyyətdən təmiz çıxdım. Bununla da mən həmin insanlarla münasibətimi bitirdim.

-Belə hesab edirlər ki, siz Aygün xanımla ifa etdikdən sonra daha da məhşurlaşdınız?

-Bu heç də belə deyil. Çünki mən "Rəvayət", "Papanın gül balası" və Könül xanımla oxuduğum duetdən sonra məhşurlaşdım. Aygün xanımla oxuduqdan sonra isə yaradıcılığımda dəyişiklik oldu. Peşəkarlaşmağa başladım.

-Aygün xanım Sizə özünə məxsus tərzdə dərs keçdi?

-Bəli, mən ondan çox şeyləri öyrəndim. Məhşur insan insanlar arasında özünü necə aparmalıdır. Qısacası şou-biznesin incəliklərini.

-Deyirlər ki, Siz və Aygün xanım arasında məhəbbət var. Əgər bu belədirsə nəyə görə gizlədirsiniz? Kimnənsə nədənsə çəkinəcəyiniz var?

-Bilirsiniz əslində necədir bu jurnalistlər ki var onlara bir söz çatanda onu elə formada bəzəyib düzürlər ki, adam özü dəhşətə gəlir. Ümumiyyətlə, mən elə bir insanam ki, şəxsi həyatım barədə danışmağı heç sevmirəm. Mənim də dostum, qohumum, yaxınım var. Onlara gedib söz çatanda özüm utanıram.

-Namiq Aygünü sevir?

-Bəli. Mənimlə onun arasında sevgi var.

-Sizi onsuz onu da sizsiz təsəvvür etmək mümkün deyil. Bu hardasa həm yaxşıdır həm də pis.

- Düşünmürəm bizi ayrılıqda təsəvvür etmək mümkün deyil. Elə vaxt olub ki bizi birlikdə təsəvvür etmək mümkün olmayıb. Belə ki, yaxşıdır ya pisdir söhbəti əlli əlliyədir.

Xəbər lenti

Xəbər lenti