...

Təhsil Nazirliyi: "Azərbaycanda qəza vəziyyətində olan məktəblər məsələsini həll etmək böyük xərclər tələb edir"

Cəmiyyət Materials 17 Avqust 2007 15:16 (UTC +04:00)
Təhsil Nazirliyi: "Azərbaycanda qəza vəziyyətində olan məktəblər məsələsini həll etmək böyük xərclər tələb edir"

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ Azərbaycanda təqribən min orta məktəb qəza vəziyyətindədir və əsaslı təmirə ehtiyacı var. Yenilərinin tikilməsinə və köhnə binaların təmirinə isə 2-2,2 mlrd. manat tələb olunur.

Azərbaycan Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdir müavini Orxan Kərimov cümə günü bildirib ki, əsasən ötən əsrin 20-30-cu illərində tikilmiş, əvvəllər anbar, klub kimi istifadə olunan binalarda yerləşən 75-80 təhsil müəssisəsi çox daha pis vəziyyətdədir.

Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən hazırda hökumətdə müzakirə olunan "2008-2012-ci illərdə məktəblərin və yeni korpusların tikintisi, əsaslı təmiri haqqında" Dövlət Proqramı layihəsi hazırlanıb. Yaxın zamanlarda prezidentin proqramı təsdiq edəcəyi gözlənilir. "Proqramın həyata keçirilməsi qəza vəziyyətində olan məktəblər məsələsini həll etməyə imkan verəcək" - deyə Təhsil Nazirliyinin nümayəndəsi əminliyini bildirib.

Son illər ərzində Azərbaycanda dövlət, fond və xarici şirkətlərin hesabına təqribən 100 məktəb tikilib və təmir olunub ki, həmin məktəblər həmçinin müasir avadanlıqla təmin olunub, beynəlxalq standartlara uyğun olaraq maddi-texniki bazası yaxşılaşdırılıb.

Kərimov bildirib ki, Azərbaycan Respublikası prezidentinin cümə axşamı imzaladığı "Qəza vəziyyətində olan ümumtəhsil məktəbləri üçün yeni binaların tikilməsi və bir sıra məktəblərin əsaslı təmiri haqqında" sərəncamı 21 məktəbi əhatə edəcək.

Yeni binaların tikintisinin sürətləndirilməsi və 2007-ci ildə başa çatmalı olan bir sıra məktəblərdə əsaslı təmir işlərinin aparılması məqsədilə sərəncama əsasən, Təhsil Nazirliyinə Prezidentin Ehtiyat Fondundan 14 mln. manat ayrılacaq.

Siyahıya Ucar, Cəlilabad, Qobustan, Şamaxı, Kürdəmir, Qusar, Salyan rayonlarında və Bakı şəhərində yerləşən məktəblər daxildir ki, burada da qısa zamanda əsaslı təmir işləri aparılmalıdır. Kərimov bildirib ki, bundan əlavə, sadalanan regionlarda yeni binaların tikilməsi də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti