...

"Azadlıq" qəzeti əməkdaşının cəza çəkdiyi müəssisə dəyişdirilə bilər

Cəmiyyət Materials 27 Avqust 2007 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ "Azadlıq" qəzetinin həbsdə olan jurnalisti Mirzə Sakit yaxın günlərdə cəza çəkdiyi müəssisəyə köçürüləcək. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin həkimi Rəşad Dəmirov bazar ertəsi Trend ə bildirib ki, Sakitin müalicəsi başa çatıb və o, xəstə kimi müəssisədə qeydiyyatdan çıxıb. Həkim Sakitin səhhətinin normal olduğunu deyib və bildirib ki, o, bir neçə günə cəza çəkdiyi müəssisəyə köçürüləcək.

Sakit Müalicə Müəssisəsinə iyulun 21-də köçürülüb. O, müalicə olunmasına şərait yaradılması tələbi ilə saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsində iyulun 8-dən 15-nə kimi aclıq aksiyası keçirib.

"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid bildirib ki, qardaşı ilə son görüşündə Sakitin vəziyyəti yaxşı deyildi: "Sakitin xüsusilə əsəbdən ciddi müalicəyə ehtiyacı var. Əvvəlki ilə müqayisədə aparılan müalicə müsbət nəticələr verib". Qənimət Zahid müalicənin davam etdirilməsinə ehtiyac görür.

Sakit cəza çəkdiyi müəssisənin dəyişdirilməsi ilə bağlı da Penitensiar Xidmət rəhbərliyinə müraciət edib. Bu məsələnin hələlik həllini tapmadığını deyən Qənimət Zahid bu problemin müsbət həll olunacağına ümid edir.

Sakit Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya və Ali Məhkəmə də onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xəbər lenti

Xəbər lenti