Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ "Zerkalo" qəzetinin əməkdaşları və baş redaktoru dünən Milli Təhlükəsizlik Nazirliyində izahat veriblər. MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev cümə günü Trend ə bildirib ki, qəzetin dünənki sayında dərc olunmuş məqalədə binanın çökməsinin guya terror aksiyasının nəticəsi olması barədə əksini tapmış məqamlara aydınlıq gətirmək məqsədilə nazirliyə dəvət olunan yazı müəlliflərindən izahat alınıb. Babayevin sözlərinə görə, toplanmış materiallar Respublika Prokurorluğuna göndərilib.
Avqustun 30-da "Zerkalo" qəzetində dərc olunmuş "Bakı miqyasında 11 sentyabr" yazısında Yasamal rayonu, Murtuza Muxtarov küçəsindəki binanın Rusiya terrorçuları tərəfindən partladılması ilə bağlı versiya irəli sürülüb. "Zerkalo" yazıb ki, hadisədən əvvəl orada slavyan mənşəli naməlum şəxs videoçəkiliş aparıb. Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov isə keçirdiyi mətbuat konfransında bu ehtimalı qəti təkzib edib. O, Rusiya tərəfinin yazıdan qəzəbləndiyini vurğulayıb.
Avqustun 30-da "Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı və qəzetdə dərc olunmuş məqaləsinin müəllifləri İbrahim Bayandurlu, Rauf Mirqədirov və Rəşad Rüstəmov Milli Təhlükəsizlik Nazirliyinə dəvət olunublar. Təxminən 2 saat dindirildikdən sonra onlar sərbəst buraxılıblar.
Babayev həmçinin bildirib ki, bina çökməsi baş verən gün milli təhlükəsizlik naziri Eldar Mahmudov hadisə yerində olub və orada nazirliyin xüsusi ekspert qrupu müvafiq tədqiqat və müayinələr aparıb: "Hadisənin terrorçuluq aksiyası olması və ya binanın partladılması istisna olunur. Bu barədə yayılan söz-söhbətlərin isə heç bir əsası yoxdur".
MTN kütləvi informasiya nümayəndələrinə hadisə ilə əlaqədar dəqiqləşdirilməmiş məlumatları dərc etməməyi və efirdə səsləndirməməyi tövsiyə edir.