...

Çingiz Hüseynzadə: Bütün ölkə ictimaiyyəti idmanın təbliği ilə məşğul olmalıdır

İdman Materials 27 Yanvar 2012 16:42 (UTC +04:00)
Azərbaycanda idmana münasibət dəyişməlidir.
Çingiz Hüseynzadə: Bütün ölkə ictimaiyyəti idmanın təbliği ilə məşğul olmalıdır

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda idmana münasibət dəyişməlidir. Trend-in məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezideni Çingiz Hüseynzadə Azərbaycanda 2012-ci ilin "İdman ili" elan olunması ilə bağlı keçirilən kollegiyada bildirib.

Onun sözlərinə görə, təkcə idman mütəxəssisləri deyil, bütün ölkə ictimaiyyəti idmanın təbliği ilə məşğul olmalıdır.

"Bütün dünyada incəsənət idmanla sıx bağlıdır. Filmlər çəkilir, idmançılara həsr olunmuş sərgilər keçirilir. Biz də yaradıcı insanları idmanı təbliğ etməyə çağırırıq", - o deyib.

Hüseynzadə qeyd edib ki, fevral ayında Bakıda Azərbaycan idmanına həsr olunmuş rəsm və heykəltaraşlıq sərgisi təşkil olunacaq. Sərginin ən yaxşı əsərləri isə Lozannada Beynəlxalq Olimpiya Komitəsinin qərargahında yerləşdiriləcək.

MOK vitse-prezidenti Azərbaycanda idman studiyasının yaradılması təklifi ilə çıxış edib. "Studiya idman haqqında filmlər çəkmək, idman sahəsində nailiyyətləri sənədləşdirməklə məşğul olmalıdır", - o deyib.

Hüseynzadənin sözlərinə görə, "İdman ili"ndə Azərbaycan dünya idman arenasında öz yerini möhkəmləndirməyə yönəlməlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin 16 yanvar 2012-ci il tarixli sərəncamı ilə 2012-ci il ölkədə "İdman ili" elan edilib.

Xəbər lenti

Xəbər lenti