Azərbaycan, Bakı, 31 yanvar / Trend müxbir M.Əliyev/
Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən 2012-ci ilin "İdman ili" elan olunması ilə bağlı hazırlanan böyük tədbirlər planında idmanın inkişafı ilə bağlı tədbirlərin sayının artırılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib.
Onun sözlərinə görə, həmçinin tədbirlər planında keyfiyyət baxımından daha da yüksək nəticələrin əldə edilməsi nəzərdə tutulur.
"Artıq ölkədə fəaliyyət göstərən bütün idman cəmiyyətləri, klublar, idman idarələri, federasiyalara məktublar ünvanlanıb. Həmin məktublarda Prezident İlham Əliyevin 2012-ci ili "İdman ili" elan etməsi ilə bağlı rəy və təkliflərini təqdim etmələri xahiş olunur", - İsmayılov deyib.
Onun sözlərinə görə, tədbirlər planının daha dolğun və yüksək formada olması üçün rəy və təkliflər nəzərə alınacaq.
Nazir müavini qeyd edib ki, burada idman ictimaiyyətinin üzərinə qoyulan vəzifə isə məsuliyyətdən ibarətdir. "Təbii ki, idman ictimaiyyətində hər zaman məsuliyyət olub, sadəcə bu dəfə daha yüksək səviyyədə bu məsələyə yanaşılmalıdır. Əgər bizə bu səviyyədə etimad göstərilibsə, bu məsuliyyət doğruldulmalıdır", - İsmayılov bildirib.